İstirahət mövsümi yaxınlaşır. Əksəriyyət bu fürsətdən yararlanıb müxtəlif ölkələrə getmək, maraqlı yerləri öz gözləri ilə görmək istəyir. Həmçinin ölkəmizə gəlmək istəyənlərin də sayı artır. Bu zaman onları maraqlandıran ilk məsələlərdən biri harada qalacaqları olur. Daha az vəsait xərcləməklə istirahət etməyi planlaşdıranlar seçimlərini hostellərdən yana edirlər. Çünki bu, daha qənaətli hesab olunur. Bu dəfə Gəncədə olan hostellərin qiymətləri və təqdim etdikləri xidmətlər barədə maraqlanmışıq.
Gəncə şəhərində təxminən 10-a yaxın hostel fəaliyyət göstərir. Qiymətlər isə müvafiq olaraq qonaqları qısa və ya uzunmüddətli yaşayış ilə təmin edən bu məkanların yerləşdiyi yerə, şəraitə və göstərilən xidmət səviyyəsinə görə dəyişir. Hazırda şəhərimizdə minimum 15, maskimum 25 manata hosteldə gecələmək olar.
Hostel bir növ otelə bənzəyir. Fəqli tərəfi isə odur ki, bir otaqda eyni zamanda 4-8 hətta, 16 nəfər də qala bilər. Bu da aktiv şəkildə səyahət edən və daha münasib qiymət axtaranların həyatını xilas edir.
Gəncədə hostellərə üz tutanların böyük əksəriyyətini iş üçün şəhərə gələnlər, əcnəbi turistlər təşkil edir. Daha dəqiq desək, minimum qiymətlə maksimum xidmət axtarışında olanlar...
Elman Səfərov- hostelin əməkdaşı: “Hostel 2019-cu ildən fəaliyyət göstərir. Hostelimiz 26 otaqdan ibarətdir. Tutumu isə 85 nəfərdir. Otaqlarımız 2, 3 və 4 nəfərlikdir. Qiymətlər 1 nəfər üçün 18 manatdır - səhər yeməyi daxil. Əgər müştərilərimiz səhər yeməyi istəməzsə, 1 nəfər üçün 15 manatdır. Digər hostellərdən fərqimiz odur ki, digər hostellerə getsəniz görərsiniz ki, müştərilər çox vaxt tanımadığı adamlarla qalır. Ancaq biz əlimizdən gəldiyi qədər onu eləmirik. Nadir hallarda olur ki, otaq olmayanda müştərinin yanına müştəri veririk”.
Vüsal Səfərov- menecer: “Gəncədə elə otellər var ki, qiymətləri nisbətən yüksəkdir, bahalıdır. Ancaq biz sərfəli qiymət təqdim edirik, qonaqlarımız üçün. Səhər yeməyi də daxil omaqla minimal qiymətə təklif edirik. Bunu qonaqlarımızın istirahətini, eyni zamanda büdcələrini nəzərə alaraq düşünmüşük. Nisbətən çox qonaq, turlarımız üçün də başqa kampaniyalarımız, paketlərimiz var”.
Ekspertlər bildirirlər ki, hostellərin sayının çox olması ölkəyə gələn turistlərin sayının artmasına, turizmin inkişafına müsbət təsir göstərir. Amma qiymətlərin aşağı, tələbatınsa yüksək olması heç də göstərilən xidmət səviyyəsinin aşağı olması anlamına gəlməməlidir. Çünki, keyfiyyət gözardı ediləcək əlamət deyil və ancaq onu nəzərə almaqla cari, eləcə də gələcək inkişafı təmin etmək mümkündür.
Aişə Rzayeva
- Baxış: 366