• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1116
— 27.05.2023 12:00

Dövlət sərhədimizi pozan iki erməni təxribat-diversiya qrupunun üzvünə qarşı cinayət işi açılıb

KepezTV Player

Mayın 26-da saat 16 radələrində Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan rayonunun Rəzdərə kəndi ərazisindən keçən hissəsində Ermənistan Silahlı Qüvvələrinin təxribat-diversiya qrupu tərəfindən Azərbaycanın dövlət sərhədinin pozulmasının qarşısı alınıb. Bu barədə Baş Prokurorluq və Dövlət Sərhəd Xidməti birgə məlumat yayıb. Belə ki, sərhəd-döyüş məntəqəsində xidmətdə olan hərbi qulluqçularımızın sayıqlığı nəticəsində təxribat-diversiya qrupunun hərəkəti vaxtında aşkarlanaraq zəruri tədbirlər görülüb və nəticədə Ermənistan Silahlı Qüvvələrinin 2 hərbi qulluqçusu saxlanılıb. Faktla bağlı Azərbaycan Baş Prokurorluğunun İstintaq idarəsində aparılan araşdırma zamanı Ermənistanın hərbi qulluqçuları – Hovakimyan Harut Yuriki, Qazaryan Karen Aşoti və qeyrilərinin qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşib özləri ilə daşıdıqları odlu silah və döyüş sursatları ilə birlikdə gömrük nəzarətindən kənar keçməklə Azərbaycanda ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, yaxud Azərbaycanın dövlət hakimiyyət orqanları tərəfindən Respublikamızın ərazi bütövlüyü ziddinə qərar qəbul edilməsinə təsir göstərmək və milli düşmənçilik salmaq məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması üçün Sərhəd Qoşunlarının N saylı hərbi hissəsinin hərbi qulluqçularına odlu silahla atəş açmaqla onlara qarşı zor tətbiq edib terror aktı törədəcəkləri ilə hədələmələrinə əsaslı şübhələr müəyyən edilib. Qeyd olunanlarla bağlı Baş Prokuror tərəfindən cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə edilib. Harut Hovakimyan və Karen Qazaryan şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub. Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam edir. İstintaqın gedişatı və nəticəsi barədə ictimaiyyətə ətraflı məlumatın verilməsi təmin ediləcək.