Göygöldə sel nəticəsində yaranan fəsadlar aradan qaldırılır. Təbiət hadisəsi əsasən rayonun Topalhəsənli kəndinə zərər vurub.
Mayın 25-i axşam saatlarında güclü leysan kəndin dağlıq hissəsində yerləşən bir neçə gölün daşmasına səbəb olub. Buna görə Kərəmli dərəsi deyilən ərazidən sel gələrək sakinlərə ziyan vurub. Təbii fəlakət nəticəsində 5 minik avtomobili zərər görüb, onlardan ikisi tamamilə istifadə üçün yararsız hala düşüb.
Kənddə ən böyük zərər istirahət məkanı kimi fəaliyyət göstərən obyektə dəyib. Sel suları Gəncə çayının sahilindəki məkana daxil olaraq, oradakı əşyaları aparıb. Nəticədə sahibkara ciddi ziyan dəyib.
Sel nəticəsində can itkisi də olub. Axına düşən Gəncə sakinləri 1954-cü il təvəllüdlü Muxtar Hüseynov və 2001-ci il təvəllüdlü İbrahim Qurbanov dünyalarını dəyişiblər.
Sel bir neçə evə, meyvə bağlarına, əkin sahələrinə ziyan vurub, eyni zamanda iri və xırdabuynuzlu mal-qaranı tələf edib.
Bundan başqa sel ərazidə yaşayan bəzi ailələrin hərəkətinə maneə törədib. Sel nəticəsində bir neçə ailənin gediş-gəlişində çətinlik yaranıb. Selin kiçik körpünü aparması nəticəsində ailələr evlərinə çatmaq üçün 500 metr məsafə qət etməli olurlar. Təbiət hadisəsi kəndin elektrik və qaz təsərrüfatına da ciddi ziyan vurub. Bununla bağlı aidiyyatı qurumlar gün ərzində problemin aradan qaldırılması istiqamətində işlərini davam etdirirlər. Sel baş verən əraziyə texnika cəlb edilərək fəsadlar aradan qaldırılır. Rayon fövqəladə komissiyası tərəfindən dəymiş ziyan hesablanır.
Orxan Cəfərzadə
- Baxış: 419