• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1260
— 26.05.2023 12:23

Azərbaycanın Ali Avrasiya İqtisadi Şurasına üzvlüyü müzakirə mövzusu deyil

KepezTV Player

 

Ötən gün Moskvada Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasına qatılan prezident İlham Əliyev bu ilin yanvar-aprelində ticarət dövriyyəsinin əlavə 38 faiz artdığını vurğulayıb. "Biz ticarət dövriyyəsinin gələcək inkişafı üçün böyük potensial görürük", - deyən Prezident, həmçinin Azərbaycanın tam iqtisadi müstəqillik əldə etdiyini, bunun da müstəqil xarici siyasət kursu həyata keçirdiyini diqqətə çatdırıb.

İlham Əliyev- Azərbaycan Respublikasının Prezidenti: “Yoxsulluğun səviyyəsi təxminən 50 faizdən 5 faizə enib. Xarici borc ÜDM-in demək olar ki, 9 faizindən aşağı səviyyəsindədir və ildən-ilə azalır. Azərbaycanın valyuta ehtiyatları xarici borcu 10 dəfə üstələyir”.

Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat yollarının kəsişdiyi coğrafi məkanda yerləşdiyini vurğulayan dövlət başçısı ölkəmizin Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin əhəmiyyətli iştirakçısı olduğunu qeyd edib. Bildirib ki, ölkənin nəqliyyat-logistika infrastrukturu istənilən istiqamətdə daşımaların həyata keçirilməsinə imkan verir. Həmçinin Prezident çıxışında onu da vurğulayıb ki, Azərbaycan Xəzər hövzəsində ən böyük ticarət donanmasına malikdir. Dövlət başçısı Zəngəzur dəhlizinin yaradılması təşəbbüsü ilə də çıxış edib.

İlham Əliyev- Azərbaycan Respublikasının Prezidenti: “Zəngəzur dəhlizi təkcə Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirməyəcək, həm də beynəlxalq dəmir yolu marşrutlarının bir hissəsinə çevriləcək”.

Dəhliz “ərazi iddiaları” anlamına gəlməməlidir”

Ermənistan isə həmişəki ənənəsinə sadiq qalaraq logistik əhəmiyyətli layihəyə kölgə salmağa cəhd göstərib. Baş nazir Nikol Paşinyan Prezident İlham Əliyevin Zəngəzur dəhlizi ilə bağlı çıxışına münasibət bildirərək, dəhlizi “ərazi iddiaları” adlandırıb. O, həmçinin Laçın yolunun qanunsuz bağlanması iddiasını da irəli sürüb. Prezident İlham Əliyev Ermənistan baş nazirinin müzakirəni bir qədər başqa istiqamətə yönəltdiyini vurğulayaraq, heç bir dəhlizin bağlanmadığını diqqətə çatdırıb.

İlham Əliyev- Azərbaycan Respublikasının Prezidenti: “Mənim sözlərimdə ərazi iddialarının olmamasını görmək üçün yaxşı səy göstərmək və ya güclü fantaziyaya malik olmaq lazımdır. Mənim istifadə etdiyim “dəhliz” sözünə gəldikdə, o zaman mən bu kəlməni dəqiq olaraq “Şimal-Cənub” dəhlizinə münasibətdə də işlətmişəm, bu söz elə həmin dəqiqliklə “Şərq-Qərb” dəhlizinə münasibətdə də istifadə olunur. “Dəhliz” sözü heç də kiminsə ərazisinə göz dikmək demək deyil. Bu, beynəlxalq termindir və düşünürəm, beynəlxalq terminologiya ilə tanış olan insanlar yəqin ki, ona bu gün Ermənistanın baş naziri kimi məna verməzdilər. Azərbaycan heç bir dəhlizi bağlamayıb. Laçın-Xankəndi yoluna gəlincə, o, açıqdır. Azərbaycanla Ermənistan sərhədində, hansı ki, sizin də tanıdığınız sərhəddə bütün beynəlxalq normalara uyğun olaraq, sərhəd-buraxılış məntəqəsi qurulub. Bu sərhəd-buraxılış məntəqəsi Rusiya sülhməramlı kontingentinin postundan 20 metr aralıda yerləşir”.

Dövlət başçısı bildirib ki, sərhəd-buraxılış məntəqəsindən Azərbaycanın Qarabağda yaşayan erməni sakinlərinin sərbəst şəkildə, maneəsiz Ermənistana gediş-gəlişi təmin edilir. O cümlədən BQXK xətti ilə daşınan xəstələr, Xankəndi şəhərindən yola düşən təcili tibbi yardım maşınları da həmin yoldan maneəsiz keçib gedir.

İlham Əliyev- Azərbaycan Respublikasının Prezidenti: “Düşünürəm ki, bu tribunadan əsaslandırılmamış ittihamlar irəli sürmək üçün istifadə etmək lazım deyil. Haqqında danışdığım Zəngəzur dəhlizinə gəlincə isə, əgər mənim çıxışıma diqqətlə qulaq asdınızsa, orda deyildi ki, Azərbaycan Zəngəzur dəhlizinin yaradılması təşəbbüsünü irəli sürüb. İstənilən təşəbbüsü irəli sürmək bizim haqqımızdır, hansını ki, biz düzgün, legitim və ağlabatan hesab edirik, eyni zamanda, Azərbaycan-Ermənistan münasibətlərinin nizamlanmasına cəlb olunan tərəflər və Rusiya tərəfindən dəstəklənir”.

Azərbaycanla Ermənistan arasında ərazi bütövlüyünə dair razılığın olması vacibdir, qalanları ikinci dərəcəlidir, bunu isə çıxışı zamanı Rusiya Prezidenti Vladimir Putin bildirib. O, qeyd edib ki, Bütün MDB ölkələri Birlik ərazisindəki münaqişələrin bitməsində maraqlıdır.