• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 666
— 25.05.2023 20:14

İcbari tibbi sığortanın xidmətlər paketi genişləndirilir

KepezTV Player

Artıq üç ildir ölkə vətəndaşlarına dövlət və özəl tibbi müəssisələrdə xidmətlərdən tam ödənişsiz istifadə imkanı yaradılıb. Bu, İcbari Tibbi Sığortanın tətbiqi sayəsində mümkün olub. Hazırda isə bu xidmətlər paketinin genişləndirilməsi istiqamətində işlər görülür. Yeniliklər nədən ibarət olacaq?

Sığortanın tətbiqi maliyyə məhdudiyyətinin qarşısının alınması və tibb sektorunu daha yaxşı inkişafa motivasiya etmək üçün hesablanıb. Məqsəd tibbi xidmətləri vətəndaşlar üçün əlçatan etmək, əhalinin sağlamlığının qorunması üçün tibbi xidmətlərin təşkilini təmin etmək və tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsidir.

İcbari Tibbi Sığortanın xidmətlər zərfində 2550 xidmət var ki, vətəndaşlar bundan ödənişsiz şəkildə yararlana bilirlər. Xidmətlər zərfinin zəngin olması isə müraciət sayına öz təsrini göstərir. Belə ki, əvvəlki dövrlərlə müqayisədə pasientlərin sayında 3 dəfəyə kimi artım müşahidə olunur. Ruhin Abuzərli- A.Səhhət adına şəhər xəstəxanasının şöbə müdiri: “İcbari tibbi sığorta tətbiq olunduqdan sonra xəstəxanamızda xəstə sayı artıb. İcbari Tibbi Sığortaya kimi gün ərzində 200 xəstəyə baxırdıqsa, indi hal-hazırda 400, 500, 600-ə qədər xəstələrə baxa bilirik. Abbas Səhhət xəstəxanasında laboratoriya xidmətindən, radioloji, uroloji, ginekoloji cərrahi əməliyyatlar tətbiq edilir. Xəstəxanamızda İcbari Tibbi Sığortanın bütün xidmətləri pulsuz həyata keçirilir”.

Aynur Xudiyeva- USM həkimi: “Ultrasəs müayinə bizdə ən aktual olan müayinələrdən biridir. Ona görə çox təlabat var. Xəstələrin sayı çoxalıb. Ona görə ki, bizə tək Gəncə şəhəri müraciət etmir, digər rayonların da müraciətləri var. Əvvəl 10-20 nəfər olurdusa, indi 30-40 nəfərə qalxıb. Bu xəstələrin içində bizim ambulator, stasionar, təcili gələn müraciətlərimiz var”.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən verilən məlumata görə, yaxın zamanda insan sağlamlığının qorunması üçün vacib hesab edilən bir neçə xidmətin də zərfə əlavə olunması gözlənilir. Onlardan biri də orqan köçürməsi əməliyyatıdır.

Orxan Qasımov- şəhər sakini: “Sığortadan artıq neçə vaxtır istifadə edirik. Laboratoriyalardan, uzi, rentgen xidmətlərindən istifadə edirdik. Bu gün burda eşitdik ki, orqanköçürmə əməliyyatları da sığorta paketinə daxil olur. Bu bizdən ötrü sevindirici hal oldu ki, bunlar bahalı əməliyyatlardılar. Yaxın zamanda bu xidmətlərdən istifadə edəcəyik”.

Pərvin Baxşəliyeva- İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin şöbə müdiri: “Hazırda Xidmətlər Zərfinə 2550 sayda tibbi xidmət daxildir. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən 2023-cü il üçün Xidmətlər Zərfinə limitli qaydada qaraciyər, böyrək, sümük iliyi və ya hematopoetik kök hüceyrələrin transplantasiyasının da əlavə edilməsi təklif olunub. Bundan əlavə ürək-damar cərrahiyyəsi, oftalmoloji, travmatoloji və bəzi xoşxassəli şişlərin aradan götürülməsi ilə bağlı əməliyyatların sayının artırılması da xidmətlər zərfinin təklifləri paketinə əlavə edilib”.

Pərvin Baxşəliyeva həmçinin bildirilib ki, qeyd edilən xəstəliklərin hazırda müayinə və müalicəsi çox vəsait tələb edir. Xidmətlər zərfinə daxil olduqdan sonra isə vətəndaşlar bundan ödənişsiz istifadə edəcəklər.

Aişə Rzayeva