• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 931
— 25.05.2023 20:16

Azərbaycanın beynəlxalq imkanları

KepezTV Player

Ermənistan istisna olmaqla, Ali Avrasiya İqtisadi Şurasına üzv ölkələrlə Azərbaycanın əməkdaşlığı 30 il ərzində uğurla inkişaf edir. Bu barədə Prezident İlham Əliyev Moskvada qonaq qismində iştirak etdiyi Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasında çıxışı zamanı bildirib. Dövlət başçısı deyib ki, Azərbaycan və Ermənistanın qarşılıqlı olaraq bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıması əsasında münasibətlərin normallaşdırılması üçün ciddi imkanlar mövcuddur.  Prezident çıxışında Azərbaycanın Ali Avrasiya İqtisadi Şurasına üzv olan ölkələrlə ticarət dövriyyəsinin artdığını da bildirib.

İlham Əliyev- Azərbaycan Respublikasının Prezidenti: “Azərbaycanın Avrasiya İqtisadi Birliyinə üzv olan ölkələrlə ticarət dövriyyəsi ötən il 31 faiz artıb və 4,7 milyard dollar təşkil edib. Bu ilin yanvar-aprel aylarında ticarət dövriyyəsi əlavə 38 faiz artıb. Ötən il Avrasiya İqtisadi Birliyinə üzv olan ölkələrin Azərbaycanın xarici ticarət dövriyyəsindəki payı 9 faizə yaxın təşkil edib. Biz ticarət dövriyyəsinin gələcək inkişafı üçün böyük potensial görürük”.

Azərbaycanın Şərqlə Qərbin, Şimalla Cənubun kəsişdiyi coğrafi məkanda yerləşdiyini qeyd edən dövlət başçısı ölkəmizin Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin əhəmiyyətli iştirakçısı olduğunu da vurğulayıb.

İlham Əliyev- Azərbaycan Respublikasının Prezidenti: “Ölkəmizin nəqliyyat-logistika infrastrukturu istənilən istiqamətdə daşımaların həyata keçirilməsinə imkan verir. Azərbaycan Xəzər hövzəsində ən böyük ticarət limanına malikdir. Azərbaycan həmçinin Zəngəzur dəhlizinin yaradılması təşəbbüsü ilə çıxış edib. Zəngəzur dəhlizi təkcə Azərbaycanı Naxçıvan Muxtar Respublikası ilə birləşdirməyəcək, beynəlxalq dəmiryol marşrutlarının bir hissəsinə çevriləcək”.

Prezident İlham Əliyev Azərbaycanın hava nəqliyyatının imkanlarına toxunaraq deyib ki, ölkədə 8 beynəlxalq hava limanı fəaliyyət göstərir. Onlardan ikisi işğaldan azad edilən Zəngilan və Füzuli rayonunda son iki il ərzində inşa edilib. 9-cu aeroport isə işğladan azad edilən Laçında tikilir və 2025-ci ildə istifadəyə verilməsi nəzərdə tutulur.