• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2452
— 19.05.2023 20:35

Sel sularının yaratdığı fəsadlar aradan qaldırılır

KepezTV Player

Yağan güclü yağışlar qərb bölgəsinin dağətəyi rayonu olan Göygölün çaylarında sululuğu artırıb. Rayonun əkin sahələrinin suvarılmasında mühüm əhəmiyyət kəsb edən Gəncəçay, Kürəkçay və Qoşqar çayının başlanğıcında dəhnələri sel suları yuyaraq dağıdıb. Suvarmada problem yaşanmaması üçün fəsadların aradan qaldırılmasına başlanılıb. 

Göygöl rayonunun Topalhəsənli kəndindən Gəncəçayı keçir. Gəncəçayından isə Xanlar arxı götürülür. Bu arxdan əkin sahələrini suvarmaq üçün istifadə edilir. Güclü yağan yağış və sel həmin arxın başlanğıc hissəsini dağıdıb. Hazırda Göygöl Suvarma Sistemləri İdarəsinin işçiləri bu arxın başlanğıc hissəsində bəndvurma işlərini həyata keçirirlər. Xanlar arxı Göygölün əkin sahələrinin suvarılmasında böyük əhəmiyyətə malikdir. Uzunlu 18 km olan arxı yağış zamanı sel dağıdıb, suyun axınını çətinləşdirib, əkin sahələrinə su çatmır. Fəsadın aradan qaldırılması üçün bəndvurma işləri aparılır. Bir neçə günə arxa suyun verilməsi bərpa ediləcək. 

Rəşid Vəliyev- Göygöl Sudan İstifadə Birliyinin direktoru: “Xanlar arxını sel dağıdıb, onu düzəldirik. Qoşqar çayında borular var, onları dağıtmışdı. Bir neçə qruppa orada da işləyir, oranı da düzəldir. Kürəkçayda da problem yaranmışdı. Ora da düzəldiləcək. Sel gələndə nasoslar lillə dolur, o da təmizlənir ki, nasoslar işləsin”.

Ramin Həsənov- Göygöl Suvarma Sistemləri İdarəsinin mühəndisi: “Çaylarda su çox az idi. Demək olar ki, tamamilə azalmışdı. Yağıntıların həcmi çox böyük oldu, suyumuz boldur”.

Sel zamanı qəsəbələrin ətrafında və daxili yolların kənarlarındakı arxlar lillə dolub. 

Vüsal Məmmədov- Göygöl Suvarma Sistemləri İdarəsinin baş mühəndisi: “Bu işlər də rayonun işində gedir. Sel sularına qarşı tədbirlər görürük. Sel suları axan kanallar var ki, sel suları normal axa bilsin. Bizim də Göygöldə üç çayımız var. Yağan yağış bəzi dəhnələri, kanalların zəif yerlərini dağıtdı. Buna baxmayaraq, sel sularından istifadə etdik. Taxılın üçüncü suvarılmasına çox böyük köməyi dəydi”.

Göygöldə yaz əkinlərinin suvarılmasında problem yaşanmır. Ümumilikdə rayonda 15 min ha-ya yaxın əkinəyararlı torpaq sahəsi var ki, bunun da təxminən 7 minə yaxını suvarılır. Əkin sahələri 269 subartezian quyusundan, 10 su nasos stansiyasından və Şəmkir kanalından istifadə edilərək suvarılır. 

Elnur Vahidoğlu