• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 944
— 17.05.2023 20:45

Qəsəbənin illərdir yığılıb qalan problemləri

KepezTV Player

Gəncənin ən böyük qəsəbələrindən olan Natavan 2-nin sakinləri illərdir ki, yol, su, kanalizasiya və məişət tullantısı qutularının olmamasından əziyyət çəkirlər. Onların bu problemlərinin həll olunmadığını görən sakinlər, son ümid yeri olaraq “Kəpəz TV”-yə müraciət ediblər. Sakinlərin problemlərini ictimailəşdirərək aidiyyatı qurumların bu istiqamətdə münasibətlərini öyrənmişik. 

Natavan 2 qəsəbəsi şəhər mərkəzindən təxminən 6 km aralıda yerləşir. Məsafənin bu qədər uzaq olması sanki buranın sakinlərini də gözdən-könüldən uzaq edib. Belə ki, qəsəbənin illərdir ki, yığılıb qalan problemləri vətəndaşları lap təngə gətirib. Qəsəbədə içməli su, eləcə də kanalizasiya xətti yoxdur. Sakinlər məcburən suyu ya avtomobildən alırlar, ya da ki, özləri digər ərazilərdən gətirmək məcburiyyətində qalırlar. Bundan başqa, qəsəbədə yolun bərbad olması, eləcə də zibil qutuların olmaması onları digər bir problemlərlə də üzbəüzə qoyur.

Alidə Nəzərova- sakin: “Nə kanalizasiya xəttimiz var, nə yolumuz var. Uşaqlarımızı məktəbə yollamağa maşın tapmırıq. Bizim gediş-gəlişimiz pisdir. Hər gün də deyirlər gedin, edəcəyik, ancaq gələn yoxdur”.

Leyli Axundova- sakin: “Yollarımız düzəlsin, əhali rahat, vaxtında işinə gedə bilsin. İçməli suyumuz da yoxdur. Kanalizasiya da çəkilsin. Zibil qutuları da qoyulsun, xahiş edirik artıq dərəcədə, biz də insan şəklində yaşayaq. Bizə dedilər ki, gələcəyik, 20 ildir hələ də gəlmirlər”.

Lalə Qasımova- sakin: “Yolumuz yoxdur, marşrut çətinlik çəkir. Suyumuz, kanalizasiyamız yoxdur. Biz, bunların hamısından çətinlik çəkirik. Xahişimiz budur ki, bunlara baxsınlar”.

Lətif Məmmədov- sakin: “Ağ su böyrümüzdən keçir, bizə vermirlər. Yolumuz bərbaddır. Kanalizasiya çəkiləndə dedilər ki, çəkəcəyik, çəkmədilər. Neçə dəfələrlə getmişəm, gəlmirlər”.

Təxminən 500-ə yaxın ailənin yaşadığı Natavan 2 qəsəbəsinin sakinlərinin bu problemdən aidiyyatı qrumların da xəbəri var. Diqqətdə saxlanılan bu məsələlərin həlli istiqamətində tez bir zamanda addımların atılacağı planlaşdırılır.

Elburus Hacıyev- "Gəncə Su-Kanal" Törəmə Səhmdar Cəmiyyətinin şöbə rəisi: “Natavan 2 qəsəbəsinin sakinləri bizə də müraciət etmişlər. Gəncədə su-kanalizasiya sistemi yenidən qurulur. Bütün şəhər o layihədə nəzərdə tutulub. Mərhələli şəkildə qurulur. İşlər davam edir. Yaxın zamanlarda da həmin ərazidə su kanalizasiya xəttinin çəkilməsi nəzərdə tutulub”.

Xəyal Hacızadə- MKTİB-nin şöbə rəisinin müavini: “Hər həftənin beşinci günləri adıçəkilən qəsəbədə təmizlik işləri aparılır. Oradan tullantılar götürülür. Təəssüflər olsun ki, həmin sakinlər bizim xidmət haqqımızı ödəmirlər. Ora yeni qutuların qoyulması isə xidmət haqqı ödənildikdən sonra nəzərdə tutulur. Ora dəfələrlə təmizlənib. Yenə də qısa bir vaxtda -güman ki, sabah təmizlənəcəkdir”.

Gəncə şəhər İcra Hakimiyyətindən verilən məlumat görə, qəsəbənin bərbad olan yolunun düzəldilməsi də gündəlikdə olan məsələlərdəndir. Bunun həlli isə su-kanalizasiya xəttinin çəkilişindən sonra mərhələli şəkildə reallaşdırılacaq. 

Elnur Vahidoğlu