• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 835
— 15.05.2023 21:27

Avropa istehsallı traktorlar GAZ-da yığılacaq

KepezTV Player

Kənd təsərrüfatında istehsal prosesini intensivləşdirmək, məhsulu vaxtında və itkisiz yığmaq, çatışmazlıqları aradan qaldırmaq məqsədilə yeniliklərin tətbiqi davam edir. Bu baxımdan tətbiq edilən texnikaların müasir nəaliyyətləri özündə əks etdirməsi günün tələbləri sırasındadır. Gəncə Avtomobil Zavodunda yığılacaq yeni traktorlar da məhz bu məqsədə xidmət edəcək. 

Kənd təsərrüfatı təyinatlı traktorların Gəncə Avtomobil Zavodunda yığımı 16 ilə yaxındır ölkənin tələbatını ödəməyə hesablanıb. Bu müddətdə 15 minə yaxın “Belarus” markalı müxtəlif modeldə traktorlar və digər kənd təsərrüfatı texnikaları satışa çıxarılıb.

Xanlar Fətiyev- Gəncə Avtomobil Zavodu İstehsalat Birliyi Müşahidə şürasının sədri: “”Belarus” traktorunun da Azərbaycan bazarında əlbəttə ki, yeri var. Hələ onlar burada çalışacaqlar. Çünki, “Belarus” texnikası da günü-gündən inkişaf edir. Biz baxırıq ki, burada heç bir rəqabət yoxdur. Hər bir texnikanın Azərbaycan bazarında yeri var”.

Rəqabət mühiti yaratmaq və bazara alternativlər təqdim etmək üçün dünyanın qabaqcıl texnikalarının yığımı da zavodun prioritetləri sırasındadır. Bu dəfə Avropa kənd təsərrüfatı bazarında keyfiyyəti və davamlılığı, yüksək məhsuldarlığı ilə seçilən İtaliyanın SDF qrupun traktorlarının Gəncədə yığımına başlanılıb. İlkin olaraq 3 modeldə traktorların siqnal variantları hazırlanıb. 

Bu traktorların Qazaxıstandan sonra ilk dəfə olaraq ölkəmizdə yığılması həyata keçirilir. İlkin olaraq bu ilin sonuna kimi təxminən 300-ə yaxın tarktorlar istehsalı nəzərdə tutulub. Gələn ildən başlayaraq bu rəqəmin artacağı proqnozlaşdırılır.

Aparılan marketinq araşdırmaları göstərib ki, bu traktorlara Azərbaycan bazarında tələbat kifayət qədər böyükdür. Zavodla İtaliya şirkəti arasında traktorların yığımı üzrə imzalanan əməkdaşlıq müqaviləsi tələbatın ödənilməsinə hesablanıb. 

Umberto Miceli- İtaliyanın SDF qrupunun beynəlxalq regional direktoru: “Fikrimcə Azərbaycan gələcək istehsal və satış üçün çox əlverişli və uyğun ölkədir. Düşünürəm ki, bu əməkdaşlıq Azərbaycan və İtaliya arasında uzunmüddətli olacaq. Azərbaycan belə genişmiqyaslı layihəni gələcəyə doğru aparır. Kənd təsərrüfatının ölkə iqtisadiyyatında, ölkənin böyüməsində çox böyük rolu var. Bu cür müqavilənin bağlanması və bu işlərin həyata keçirilməsi isə yeni iş yerlərinin də yaradılmasını nəzərdə tutur. Bu da ölkə üçün çox böyük addımdır”.

Elşən Məmmədov- Gəncə Avtomobil Zavodu İstehsalat Birliyi Müşahidə şürasının sədr müavini: “Bizim fermerin artıq daha yeni, yüksək texnologiyanı özündə əks etdirən traktorlara ehtiyacı olduğundan, biz də bu ehtiyacın qarşılanması məqsədi ilə bu addımı atdıq. Bu texnikalar dünya beşliyinə həm texnologiya cəhətdən, həm satış cəhətdən daxil olan şirkətlər qrupudur. Həm idarə edilməsində, həm işin dəqiq aparılmasında, həm iş zamanı qırılmaların az olması vardır. Daha dözümlü, daha davamlıdır. Sözsüz ki, Avropa istehsalı olduğu üçün qiymətcə kifayət qədər fərqlənir”.

Yığılacaq traktorların 20 at gücündən 340 at gücünə kimi modelləri var. Müqavilənin şərtlərinə görə, gələcəkdə müxtəlif təyinatlı digər kənd təsərrüfatı texnikaları və kombaynların da istehsalı nəzərdə tutulur.

Elnur Vahidoğlu