• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 693
— 11.05.2023 21:46

Dondurma alarkən istehlakçı nəyə diqqət etməlidir?

KepezTV Player

Hava isindikcə dondurma istehlakı artır, satışda olan çeşidlər isə çoxalır. Elə bu günlərdə məhsulların keyfiyyəti bir daha aktuallıq kəsb edir. Çünki, bu fəsildə məhsullar daha tez keyfiyyətini itirir və insanların sağlamlığı üçün təhlükə yaradır. Bəs alıcılar dondurma alarkən nələrə diqqət etməlidirlər? Mütəxəssislər nə tövsiyyə edirlər?

Dondurma yüksək qidalılıq dəyərinə malikdir, orqanizmdə asan mənimsənilir. Tərkibində süd yağı, zülallar, şəkər, mineral maddələr, vitaminlər və s. vardır. Üzərində rəngli reklamların vurulduğu soyuducularda satılan bu məhsulları görən uşaqların istəyinin qarşısını isə çox vaxt almaq mümkün olmur. Bəs valideynlər bu vəziyyətdə necə davranıb, nələrə diqqət etməlidirlər?

Həkimlər deyir ki, dondurmanın tərkibində olan kalsium və fosfor sümüklər üçün əsas elementlərdən olduğu üçün bu məhsul faydalı hesab olunur. Ancaq gün ərzində 100 qr-dan artıq yeyilməsi istər böyük, istərsə də uşaqlar üçün zərərlidir.

Yüksəl Hüseynli- pediatr: “Hər şeyin həddən artıq ziyanı olduğu kimi, dondurmanı da həddindən artıq yemək yuxarı tənəffüs yolu infeksiyalarına təkan verə bilər. Və ya laktoza dediyimiz süd məhsulları yeyən uşaqlarda yaranan xəstəlikdir ki, belə uşaqlarda dondurma yeməyi məsləhət görmürük. Hər şey qədərində gözəl olduğu kimi təbii ki, ondan aldığımız vitaminlər, qida dəyəri olur, ona görə yeməyi məsləhət görürük, qadağan deyil. Uşaqları vaxtında soyuq qidalara öyrəşdirmək tövsiyə edilir. Təbii ki, isti qidalara öyrəşən uşaqlar ilk dəfə və təkrar-təkrar dondurma yeyəndə, xəstələnə bilər”.

Qida Təhlükəsizliyi Agentliyindən isə bildirilib ki, ölkədə istehsal olunan və ölkəyə idxal edilən dondurmalara nəzarət mütəmadi olaraq aparılır. Ancaq burada istehlakçıların da üzərinə böyük məsuliyyət düşür. Agentlik vətəndaşlara dondurma alarkən etiket üzərində olan qeydləri diqqətlə oxumağı tövsiyə edir. Alıcılar məhsulda kəsmiyəbənzər, qumabənzər maddələrin olub-olmadığına diqqət yetirməlidirlər.

Aynur Həsənova- AQTİ-nin mütəxəssisi: “Dondurma alarkən mütləq şəkildə qablaşdırmanın üzərində olan etiket məlumatlarını oxumaq lazımdır. Məhsulun istehsal tarixi, yaralılıq müddəti, qida dəyəri göstəriciləri, xüsusilə yağ tərkibi diqqətə alınmalıdır. Küçə və parklarda açıq şəraitdə gilizlərdə – qablaşdırılmamış silindr qablarda satılan dondurmaları alarkən məhsulun saxlanma şəraitinə xüsusi diqqət etmək lazımdır. Qeyri-sanitar şəraitdə satılan dondurmalar asanlıqla təhlükəli məhsula çevrilə bilər. Bu cür dondurmaların istehlakı insanlarda qida zəhərlənmələrinə, bağırsaq çöplərinin yaranmasına və digər xəstəliklərə yola aça bilər. Dondurma homogen şəkildə olmalıdır. Əgər dondurmanın tamlığı pozularsa və ya istehlak edərkən içərisində buz kristalları müşahidə olunarsa, bu, dondurmanın donunun açıldıqdan sonra təkrar dondurulduğunu göstərir. Həmin məhsulların istehsal tarixi bitməsə belə, istehlakı tövsiyə edilmir”.

Vətəndaşlar hər hansı neqativ halla qarşılaşdıqda Agentliyin “1003- Çağrı” mərkəzinə zəng edib məlumat verə bilərlər. Vaxtında edilən xəbərdarlıqla hər bir vətəndaş həm özünün sağlamlığının qayğısına qalır, həm də daxili bazarın keyfiyyətsiz məhsullardan təmizlənməsinə dəstək vermiş olur.

Aişə Rzayeva