• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 745
— 10.05.2023 12:20

Heydər Əliyev siyasəti

KepezTV Player

Ümummilli Liderimizin fəaliyyəti Azərbaycan ətrafında cərəyan etmiş hadisələrin təbiətinə, son dərəcə mürəkkəb problemlərin həlli yollarına işıq salır. Ulu Öndərin mənalı və şərəfli ömür yolunun parlaq səhifələri xalqımızın yaxın tarixi keçmişi ilə ayrılmaz vəhdət təşkil edir. Azərbaycanın son 40 illik tarixinin elə bir mərhələsi yoxdur ki, orada bu fenomenal şəxsiyyətin nəhəng izləri olmasın. Heydər Əliyev siyasi fəaliyyətinin bütün mərhələlərində vətəninə, xalqına, torpağa sonsuz məhəbbət və sədaqət hissi ilə yaşamış, hər zaman milli ideallara bağlı olub.

Heydər Əliyev hələ 1969-cu ildə Azərbaycan Respublikasına hakimiyyətə gəldiyi gündən respublikanın hərtərəfli inkişafının təməlini qoydu. Bu təməl üzərində təhsil, elm, kənd təsərrüfatı, neft sənayesi, neft emalı və neft-kimya sənayesi, ordu qoruculuğu öz inkişaf yoluna tapdı.  Hətta Ümumilli Liderin dünya siyasətində nüvə faktorunun rolu və onunla əlaqəli təhlükənin gələcəkdə inkişaf etmiş Azərbaycanın dünya birliyində böyük rol oynayacağını uzaqgörənliklə qiymətləndirərək bu sahəni inkişaf etdirirdi.

Heydər Əliyev bu gün dünyanın enerji təminatçılarından biri olan Azərbaycanın uğurlarını hələ XX əsrin 70-ci illərindəki müdrik qərarları ilə təmin edir. Həmin illərdə neft sənayesinin inkişafı, "28 May", "Günəşli" yataqlarının mənimsənilməsi, Dərin Özüllər Zavodunun istifadəyə verilməsi, dənizin Azərbaycan sektorunda yeni neft və qaz yataqlarının kəşfi bu gün üçün əvəzolunmaz idi. Azərbaycanda elmi-texniki sahənin inkişafına xüsusi şərait yaradırdı. Respublikada nüvə enerjisinin dinc məqsədlərlə istifadəsi üzrə ilk infrastrukturun, Radiasiya Tədqiqatları Sektorunun yaranması Heydər Əliyevin birinci dəfə Azərbaycan rəhbərliyinə gəlişi dövrünə təsadüf edir.

Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərliyə gəlməsi ilə ölkəmiz iqtisadi tənəzzüldən, parçalanmaq, məhv olmaq təhlükəsindən xilas oldu. 1994-cü ildə sentyabrın 20-də bağlanan "Əsrin müqaviləsi" Heydər Əliyevin tarixi qələbəsi idi. Azərbaycanın inkişafını istəməyən bir çox xarici ölkələr bu müqavilənin bağlanmasına ya açıq, ya da gizli maneələr yaratmağa çalışsalar da bu, Azərbaycanın siyasi və iqtisadi qələbəsi idi.

Müasir Azərbaycanın uğrunda "Əsrin müqaviləsi"nin rolu əvəzsizdir. Bunun ardınca Bakı-Tibilisi-Ceyhan neft-boru xəttinin çəkilməsi haqqında müqavilə və onun həyata keçirilməsi Azərbaycan üçün ən uğurlu hadisə idi. Qədim İpək Yolunun bərpası ideyasını qaldırmaq və həyata keçirilməsi işinin təşkili sahəsində Heydər Əliyevin təsiri regional yox, dünyəvi xarakter daşıyır. Böyük İpək Yolu ilə əlaqələnən 30-dan çox dövlətin müasir inkişafında bu yolun müstəsna rolu Ulu Öndərin adı ilə bağlıdır.

Bir sözlə, Azərbaycanı inkişaf etdirən, ona beynəlxalq aləmdə nüfuz qazandıran Heydər Əliyev siyasəti uğurlu sabahımızın, xoşbəxt gələcəyimizin təminatçısıdır.

Aysel Abbasova