Gəncədəki Uşaq Xəstəxanasında təcili yardım şöbəsi yaradılır. Burada uşaqlara ilkin tibbi yardım göstərməklə yanaşı, ixtisaslı həkimlər tərəfindən müayinə və müalicələr də həyata keçiriləcəkdir.
Təcili yardım şöbəsi Uşaq Xəstəxanasının 1-ci mərtəbəsində yaradılır. Burada infeksion xəstəyə nəzarət, sarğı və xəstə çeşidləmə olmaqla 14 otaq fəaliyyət göstərəcək.
Firuddin Səfərov- iş icraçısı: “70 kv.m yaxın cərrahiyyə otağı olacaq. Burada balonlar da qoyulacaq. Eləcə də burada 15 kv.m yerdə aptekin də yaradılması də nəzərdə tutulub. Bütün görülən işlərin hamısı tam yüksək səviyyədə, müasir dövrün tələblərinə uyğun yerinə yetiriləcək. Əlavə işlər də çıxdıqda onlar da nəzərə alınmaqla tam formada təmir edib, yaxın müddətdə təhvil verəcəyik”.
Şöbədə nervopatoloq, oftalmoloq, lor həkimləri də olacaq. Vəziyyəti ağır olan xəstələr təcili tibbi yardım avtomobili ilə bura gətiriləcək.
Təcili Tibbi Yardım şöbəsinə giriş əsas qapıdan olacaqdır. Xəstəni içəri keçirdikdən sonra onun burada qeydiyyatı aparılacaqdır. Daha sonra xəstənin aidiyyatı üzrə həkimlərə göndərişi təyin ediləcəkdir.
Səbuhi Həsənov- Uşaq Xəstəxanasının baş həkimi: “Təcili tibbi yardım şöbəsi zonalar üzrə bölünür. Qırmızı zonada ağır vəziyyətdə xəstələr qəbul olunur. İlkin yardım qırmızı zonada təşkil olunur. Sonra xəstənin vəziyyətinə uyğun olaraq sarı zonada izlənməsi davam edir. Sarı zonada əlavə həkim ehtiyac olarsa tibbi mütəxəssislərin dəvəti yerində xəstənin diaqnozu və yardımı nəzərdə tutulur”.
Gəncə şəhər Uşaq Xəstəxanasında yeni doğulmuşlar, pediatriya və cərrahiyə şöbələri fəaliyyət göstərir. Gün ərzində 300-ə yaxın uşağa xidmət göstərilir.
Elnur Vahidoğlu
- Baxış: 285