• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1781
— 08.05.2023 19:50

Qarabağın döyünən ürəyi, Qafqazın incisi Şuşa!

KepezTV Player

Artıq 3 ildir "Qarabağın döyünən ürəyi" - Şuşa azaddır. 28 ildir 8 may tarixi - Şuşa şəhərinin işğalı günü kimi qeyd olunan bu tarix 2020-ci il noyabrın 8-də Azərbaycan tarixinə ən şanlı gün kimi yazıldı. Şuşa şəhərinin azad edilməsi İkinci Qarabağ müharibəsinin sonrakı gedişinə, eləcə də taleyinə ciddi təsir göstərdi və hərb meydanında olduğu kimi, diplomatiya meydanında da uğurlarını şərtləndirdi. Qafqazın mədəniyyət mərkəzi hesab edilən, öz hərbi-strateji önəmi ilə yanaşı, həm də mənəvi əhəmiyyəti olan Şuşa bu gün beynəlxalq münasibətlərin, mühüm məsələlərin müzakirə olunduğu siyasi-diplomatik mərkəz roluna çevrilib. 

Ermənilərin Şuşaya hücumu 1992-ci il mayın 7-dən 8-nə keçən gecə başlayıb. Şəhər dörd bir tərəfdən raket, top, tank və digər silahlardan şiddətli atəşə tutulub. Birinci Qarabağ müharibəsi zamanı Şuşanı işğal edən Ermənistan ordusu bu strateji şəhəri ələ keçirdikdən sonra demək olar ki, savaşın taleyini həll etmiş oldu. Əsarət illərində Şuşa şəhəri və 30 kənd dağıdıldı. 195 nəfər dinc sakin həlak oldu, 165 nəfər yaralandı, 58 azərbaycanlı itkin düşdü, 24 mindən çox əhali etnik təmizləməyə məruz qaldı. Azərbaycan xalqı üçün müstəsna tarixi, mədəni, mənəvi və rəmzi əhəmiyyətə malik olan, “Azərbaycan musiqisinin beşiyi” və “Şərqin konservatoriyası” adlandırılan bu şəhərin işğalı ilə maddi-mədəni və mənəvi irsimizə ağır zərbə vuruldu. Əslində alınmaz qala sayılan Şuşanın belə qısa müddətdə süqut etməsinin səbəblərindən biri şəhərin müdafiəsinin yetərincə təşkil olunmaması idi.

Ramil Məmmədli- Hərbi ekspert: “Silahlı qüvvələrimiz mərkəzi komandanlıqdan idarə oluna bilmirdi. Orduda özbaşınalıq hökm sürürdü. Silahlı qüvvələr deyə bir anlayış yox idi. Biri Şuşa işğal olunan zaman başıma güllə çaxaram deyirdi. Digəri sonradan Şuşanı işğaldan azad etmək üçün əməliyyat hazırlayırdı. Lakin bunun özü də görüntü xarakteri daşıyırdı. Bir sözlə, bütün atılan addımlar Azərbaycan xalqının başının altına yastıq qoymaq məqsədi daşıyırdı”.

Azərbaycanın mədəniyyət beşiyinin işğalı düz 28 il davam etdi. 2020-ci ildə Azərbaycan Ordusunun qətiyyətli mübarizəsi ilə tarixi ədalət bərpa edildi. Vətən müharibəsinin 42-ci günündə - noyabrın 8-də Şuşa şəhəri işğaldan azad edildi və elə həmin gün Azərbaycan bayrağı qaldırıldı. Bununla da ölkəmizin, xüsusən də Qarabağın baş tacı olan Şuşa illərin əsarətindən, ağır işgəncələrlə keçən məhbusluq həyatından Azərbaycan əsgərinin peşəkarlığı, qüdrəti nəticəsində xilas edildi.

Bəli, bu gün fəxr və qürur hissə ilə deyirik ki, artıq Şuşanın işğalı günü yoxdur. Tarixi şəhər 8 mayı azad şəkildə qarşılayır. Azərbaycan ordusu düşməni diz çökdürərək onların 28 il qeyd etdikləri işğal “bayram”larını - 8 may gününü tarixdən sildi. Artıq noyabrın 8-i Zəfər günü kimi Azərbaycan tarixinə əbədi yazılıb. Qələbədən sonra Şuşada bərpa və quruculuq işlərinə başlanılıb. İşğal dövründə şəhərin tarixi-mədəni irsinə və təbiətinə vurulmuş zərərin aradan qaldırılması yönündə layihələr həyata keçirilir. Yaşayış massivləri salınır, yol infastrukturu, kommunikasiya xətləri yenilənir. Bütün bunlar pərakəndə deyil, planlaşdırılmış şəkildə aparılır. Əbəs deyil ki, prezidentin İşğaldan azad olunmuş ərazilərdə ilk xüsusi nümayəndəsi məhz Şuşaya təyin edilib. Bundan əlavə, Prezident İlham Əliyevin sərəncamı ilə Şuşa şəhəri Azərbaycanın Mədəniyyət Paytaxtı elan olunub. 32 ildən sonra cıdır düzündə “Xarıbülbül” musiqi festivalları keçirilir.

Azad Mustafayev