• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1742
— 07.05.2023 20:33

Azad edilən ərazilərdə bərpa-quruculuq işləri

KepezTV Player

Qarabağın səfalı güşələrindən olan Xocavəndin Hadrut qəsəbəsində tarixinin ən geniş bərpa və yenidənqurma işləri sürətlə davam edir. Qəsəbədə təməli qoyulan yeni inzibati mərkəz qısa zamanda iqtisadi aktivliyi bərpa etməyə imkan verəcək. Tarixi keçmişi olan Tuğ kəndində isə gələcəkdə turizm axınını təmin etmək məqsədilə yeni konsepsiya hazırlanıb. 

Hadrut qəsəbəsində təməli qoyulan inzibati mərkəzin ümumi sahəsi 4,2 hektar təşkil edir. Mərkəzə inzibati bina, bələdiyyə binası, mədəniyyət mərkəzi və infrastruktur qurumlarının binaları daxildir. Birinci mərhələdə 24 ədəd fərdi ev pərpa ediləcək. Prezidentin Xocavənd rayonu üzrə səlahiyyətli nümayəndəsi Əli Zeynalov bildirib ki, 1089 nəfərin yaşaması üçün nəzərdə tutulan məhəllədə 95 ev isə yenidən tikiləcək.

Tuğda da yeni layihələrin icrası aparılır. Kəndin turizm potensialı nəzərə alınaraq bu istiqamətdə konsepsiya hazırlanıb. Layihədə əsas üç istiqamət götürülüb. Birincisi, Tuğun tarixi memarlıq üslubunu saxlamaqla mədəni turizmin inkişaf etdirilməsidir. Layihənin birinci mərhələsində kəndin tarixi hissəsində ilkin turizm infrastrukturunun yaradılması yönündə  işlərə başlanılacaq.

Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolunda görülən işlərə gəlincə, ümumi uzunluğu 37.7 kilometr olan yolun 8.2 kilometrlik hissəsində artıq işlər tamamlanıb. Dörd hərəkət zolağından ibarət olan yolun üzərində dörd avtobus dayanacağı və uzunluğu 79 metr olan körpü salınıb.

Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə tikinti işlərinin tamamlanması 2025-ci ilin sonlarına planlaşdırılır.

Fərid Mehdiyev