Göygöldə cüdo üzrə yeniyetmələr arasında Avropa Kuboku başlayıb. Mötəbər yarış Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunub.
Avropa Kubokuna Göygöl Olimpiya İdman Kompleksi ev sahibliyi edir. 6-7 may tarixlərini əhatə edəcək yarışda 20 ölkədən 300-ə yaxın kimano sahibi iştirak edir. İlk gün 8 çəkidə qaliblər müəyyənləşib. 40, 44, 48 və 52 kq-da qızlar, 50, 55, 60 və 66 kq çəkidə isə oğlanlar tatami üzərinə çıxıb.
Avropa Kuboku Azərbaycanın regionlarında keçirilən cüdo üzrə ilk beynəlxalq yarış olub. Bu turnir cüdo idman növünün regionlar inkişafına, həmçinin uşaq və yeniyetmələr arasında populyarlaşmasına müsbət təsir edəcək.
Yeniyetmələr arasında Avropa kubokunun Göygöldə keçirilməsi Azərbaycanın güclü cüdo ölkəsi kimi tanınmasına işarədir.
Açıq xarakterli olduğundan yarışda Avropa ölkələri ilə yanaşı Asiya təmsilçiləri də qüvvəsini sınayır. Mübarizələrdə qonşu ölkələr Türkiyə və Gürcüstanla birlikdə, Avropanın digər dövlətlərindən olan güclü idmançılar da qalib olmaq üçün yarışır.
Avropa Kubokuna sabah yekun vurulacaq. Növbəti yarış günü qızlarda 57, 63, 70 və 70 kq , oğlanlarda isə 73, 81, 90 və 90 kq qaliblərin adına aydınlıq gələcək.
- Baxış: 421