Aqrar sığorta riskləri minimuma endirmək vasitəsi kimi
Bir neçə gün əvvəl Goranboyun bəzi kəndlərinə yağan güclü leysan və dolu kənd təsərrüfatına ciddi ziyan vurub. Həm heyvandarlıq, həm də əkinçiliklə məşğul olanlar gözlərini dikdikləri gəlir mənbəyindən məhrum olublar. Bu isə bir daha aqrar sığorta ilə bağlı məsələni gündəmə gətirir. Qarşıdakı süjetdə təsərrüfatçıların sığortada maraqlı olmamasından danışacağıq.
Goranboy rayonunun ən çox yağış yağan kəndlərindən biri də Börü kəndidir. Börü kəndinə yağan yağış, eləcə də güclü leysan zamanı axan sel kəndin bu hissəsindən keçib. Bu hissədən axan sel məhz elə kənd təsərrüfatına daha çox ziyan vurub. Belə ki, sakinlərin həyətyanı sahələrini, iri mal-qarasını, toyuq-cücəsini sel aparıb.
Təbiət hadisəsi sakinlərə ciddi ziyan vurub. Dolu əkindən, meyvə ağaclarından məhsul götürməyi mümkünsüz edib. Tələf olan iri və xırdabuynuzlu heyvanlar və ev quşları da sakinləri gəlirsiz qoyub.
Rahib Şahzadəyev- sakin: “Sel mənim iki keçimi apardı. Ağacları qırdı, əkin sahələrində arpa, buğdanı yudu. Heyvanımın da sığortası olmadığı üçün, heç nə vermirlər”.
Məşədi Sadıqov- sakin: “Dolu bütün ağaclara ziyan vurdu. Toyuq-cücəni də sel aparıb. Əsasən də buranın daşını taxıl sahələrinə aparıb, məhv edib. Qonşumuzun inəyini də sel apardı. Təsərrüfatımı sığorta etməmişəm. Bu barədə eşitmişəm yəqin ki, bundan sonra edərəm”.
Elvin Əhmədov- sakin: “15-20 dəqiqə güclü yağış yağdı. Bu dərədə möhkəm sel gedirdi. Toyuq-cücəmizə ziyan vurub, kənd sakininin inəyini aparıb. Sığorta olunmayıb, ancaq gələcəkdə sığorta edəcəyik, sığorta yaxşıdır”.
Sığortanın faydalı olduğunu ziyana düşəndən sonra anlayan kəndlilər indi çıxılmaz vəziyyətdədirlər. Məhsul da yoxdur, çəkilən xərc də batıb. Lakin Aqrar Sığorta Fonduna vaxtında müraciət edilsəydi, dəyən zərərin qarşılanması mümkün olardı.
Elsəvər Hüseynov- Aqrar Sığorta Fondunun yerli eksperti: “Sığortalamaq üçün Dövlət Aqrar Sığorta Fonduna 16-51-ə müraciət edirlər və müraciət əsasında riskin qiymətinə əsasən müstəqil ekspert əhaliyə xidmət üçün əraziyə gedir. Ərazidə riski qiymətləndirirlər. 10 günündən 7 yaşına kimi bütün iri və xırdabuynuzlu heyvanlar bazar qiymətinin 10 faizi qədərində sığortalanır. Bunun da 50 faizini dövlət 50 faizini də fermer ödəyir. Ona görə də heyvanlarını və bitkilərini sığorta etsinlər. Bütün dəymiş ziyanı Aqrar Sığorta Fondu ödəyir”.
Bölgələrdə baş vermiş leysan, dolu, sel və subasma kimi təbiət hadisələri ilə bağlı təsərrüfatlarına zərər dəyən fermerlər tərəfindən Aqrar Sığorta Fondunun Çağrı Mərkəzinə 124 müraciət daxil olub. Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, zərər çəkən təsərrüfatlarda monitorinqlər aparılır.
Vüqar Hüseynov- KTN-nin şöbə müdiri: “İlkin olaraq fermerlər tərəfindən Aqrar Sığorta Fondunun çağrı mərkəzinə müraciətlər daxil olub. Bu müraciətlər əsasında araşdırmalara başlanılıb. Bundan başqa, Aqrar Xidmətlər agentliyinin əməkdaşları da təsərrüfatlara dəymiş zərərin hesablanmasında iştirak edirlər. Bəzi təsərrüfatlar var ki, onlar sığortalanmayıblar. Mövcud qanunverciliyə əsasən, Aqrar Sığorta Fondunun sığortalanmayan təsərrüfatlara dəymiş zərəri müəyyənləşdirmək və ödəniş etmək üçün əsası yoxdur. Amma sığortalanmış təsərrüfatlara dəymiş zərər hesablandıqdan sonra ödənişinə başlanılacaqdır”.
Gələcəkdə bu kimi hallarla rastlaşmamaq üçün təsərrüfatını dövlət dəstəyi ilə sığortalayanlar riskləri də minimallaşdıra biləcəklər.
Elnur Vahidoğl
- Baxış: 224