• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 840
— 05.05.2023 20:05

“Prezident Kuboku-2023”də ikinci gün

KepezTV Player

“Prezident Kuboku-2023” beynəlxalq reqatasında ikinci yarış günü Mingəçevirdə baş tutub. Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilən turnirin bu mərhələsi Nur şəhərində yerləşən “Kür” Olimpiya Tədris-İdman Mərkəzində reallaşıb.

Növbəti yarış günü oğlan və qızlar arasında kayak və kanoe qayığı ilə 500 metr, eyni zamanda 1 və 2 nəfərlik akademik avarçəkmə üzrə 1500 və 2000 metr məsafəyə yürüşlər keçirilib. Reqatada 50-dən çox idmançı mübarizəyə qoşulub. Yarışın gedişatında maraqlı viktorina təşkil edilib və qaliblər Azərbaycan Kanoe və Avarçəkmə federasiyası tərəfindən hədiyyələrlə mükafatlandırılıblar. Bundan başqa təşkil edilən fleşmobda gənclər ulu öndər Heydər Əliyevin yubileyi münasibətilə 100 rəqəmini əks etdiriblər.

20-dək ölkədən 100-dən çox yerli və xarici idmançının qatıldığı reqatanın ikinci günü 16 dəst medal sahibini tapıb. İlk dəfə ölkəmizə gələn avarçəkənlər və məşqçilər yarışdan məmnun qaldıqlarını ifadə ediblər. Andreya Paraskiyeva- Moldova komandasının üzvü: “Biz Azərbaycana birinci dəfədir gəlirik. Buradakı su hövzəsi yürüşlər üçün çox əlverişlidir. Düşünürəm ki, qələbə qazanacağıq. Eyni zamanda Suqovuşanda da olduq, bizi çox xoş qarşıladılar. Oranın təbiəti çox gözəl idi. 2-ci gün bura gəldik. 500 metr məsafədə yarışda çıxış etdik. Hər şey gözəl idi. Bu reqata ölkəmdən kənar ilk beynəlxalq yarışım idi. Ona görə mənim üçün böyük təcrübə oldu. İndidən deyə bilərəm ki, gələn il də dəvət alsaq, məmnuniyyətlə bura yenidən gələcəm”.

Oqnen Dobric- Serbiya komandasının üzvü: “Mən Serbiyadanam. Bu mənim Azərbaycana birinci səfərimdir. Mən komanda yoldaşımla birlikdə iki nəfərliq qayıqla çıxış etdim. Burada avarçəkənlər üçün hər cür şərait yaradılıb. Təşkilatçılıq yüksək səviyyədədir. Mingəçevirdəki baza çox gözəldir. Prezident kuboku mükəmməl yarışdır. İnsanları çox gözəl, yeməkləri dadlıdır. Burada olduğuma görə şadam”.

“Prezident Kuboku-2023” beynəlxalq reqatası 3-cü yarış günü də Mingəçevirdə keçiriləcək. Mayın 7-dək davam edəcək yarışın son günü Bakıda mükafatlandırma mərasimi, şou proqram təşkil ediləcək.

Orxan Cəfərzadə