• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1830
— 05.05.2023 19:39

Həyatın yaşam sığortası bizə nə vəd edir?

KepezTV Player

“Sığorta” sözünü demək olar ki, hər birimiz eşitmişik. Lakin bu sözü eşitməyimizə rəğmən, bu barədə məlumatımız ya məhduddur, ya da heç yoxdur. Bu gün də elə bəzilərinin heç xəbəri belə olmadığı “həyat sığortası” barəsində danışacağıq. Bu sığorta nə işə yarayır və necə həyata keçirilir? Bütün bu sualların cavabı qarşıdakı süjetdə.

Hər birimiz istənilən vəziyyətdə müxtəlif xoşagəlməz hadisələrlə qarşılaşa bilərik. Bu hadisələr təbiət və ya insan faktoru nəticəsində ortaya çıxa bilər. Belə vəziyyətdə həm maddi, həm də mənəvi cəhətdən itkilərlə üzləşirik. Sığorta şirkətləri belə itkilər nəticəsində ortaya çıxan ziyanın tam və ya qismən ödənilməsini təmin edir. 2010-cu ildən tətbiqinə başlanılan “yaşam sığortası” da məhz insanların həyatının güvəndə saxlanılmasına xidmət edir. Ancaq Azərbaycanda sığortanın bu növünə müraciət demək olar ki, yoxdur.

Şəhər sakinləri arasında keçirdiyimiz sorğunun nəticəsindən bir daha aydın oldu ki, əksəriyyət yaşam sığortasından xəbərsizdir. İstifadə edənlər isə daha çox ipoteka kreditinə müraciət edən şəxslərdir ki, onlar da bankın tələbi ilə sığortalanırlar. 

Həyatın yaşam sığortası müqaviləsi bağlamaqla vətəndaşlar öz gəlirlərindən qanunverciliyə uyğun şəkildə ödəmələr edir. Müqavilə müddəti başa çatdıqda isə əldə etdiyi əlavə qazancla birlikdə öz yığılmış vəsaitini geri götürə də bilər. Bu, sığortanın gəlir əldə etmək üçün əlverişli olan halıdır. Sığortanın insan həyatı üçün üstünlükləri isə gəlirdən daha çoxdur. 

Samir İsgəndərov- Həyat sığortası üzrə menecer: “Həyat sığortası məhsulları dedikdə, sırf burada söhbət gedir- insanın əmək qabiliyyətinin itirilməsindən və ölüm halından təminat verilir. Bundan da əlavə həyat sığortası məhsullarının təminatının üstünlükləri də odur ki, həm də şəxs sağalmaz xəstəliklərdən də sığortalanır. Ümumiyyətlə, Azərbaycan həyat sığortası bazarında investisiya kimi də istifadə etmək olur. İnvestisiya aləti kimi dedikdə, əmək haqqının müəyyən bir hissəsini əlavə etməklə, yəni həyatın yaşam sığortası məhsuluna qoşulmaqla, insanlar həm həyatını sığortalamış olur, həm də investisiya gəliri əldə eləmiş olur”.

Əsas üstünlüklərdən biri də işçilərin müqavilədə göstərilmiş məbləğ üzrə məcburi dövlət sosial sığorta haqlarından və vergidən azad olunmasının onların iş yerində qalmasına stimul verməsidir. Bundan başqa, sosial sığorta həm də ölüm riskindən qoruyur. Minimum müqavilə müddəti isə 36 aydır. 

Samir İsgəndərov- həyat sığortası üzrə menecer: “İş yeri mütləqdir, bəli. Rəsmi əmək haqqı olmalıdır. Əmək haqqının maksimal qanunvericilik tərəfindən 45 faizi qoşula bilər. Yəni bu, maksimaldır. Minimal 50 manatla qoşula bilər. Əgər bu adam sığorta müddəti ərzində rəhmətə gedərsə, yəni bu gün müqavilə bağlandı, 2 ay sora rəhmətə getdisə, baxmayaraq ki, 2 ay bizə ödəniş edib, 36 ayın tamamında alacağı məbləği 2 aydan sonra onun vərəsəsi faydalanan şəxs kimi ala bilər”.

Ümumi bu nəticəyə gəlmək olar ki, sığortaçı sığortaolunanın bədbəxt hadisə ilə üzləşməyini, gəlirinin azalmasını, işdən çıxarılmasını, xəstəliyə düçar olmasını və digər neqativ halları istəmir. Ancaq bu halların hər hansı birinin baş verməsinə görə köməklik göstərəcəyinə vəd edir. Belə olan halda neqativ hallarda maliyyə baxımından həyəcanımız da olmur, “qara” düşüncələrə dalmırıq. Odur ki, kiçik xərclə böyük itkilərin qarşısını almaq olar.

Aişə Rzayeva