Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirləri səviyyəsində görüşlər başa çatıb. Yekun olaraq iki ölkə arasında əlaqələrin normallaşmasına dair razılığın əldə olunduğu bildirilir. Rəsmi Vaşinqtona görə budəfəki danışıqlar "ciddi irəliləyiş"dir və müsbət nəticə verəcək. Siyasi şərhçilər isə görüşlərin hələ bir müddət davam edəcəyini deyirlər.
Mayın 1-4-ü tarixlərində Amerika Birləşmiş Ştatlarında Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında keçirilən danışıqlar başa çatıb. Ceyhun Bayramov və Ararat Mirzoyan hazırki vəziyyətlə bağlı fikirlərini bölüşüb, münasibətlərin normallaşması ilə bağlı mövcud məsələlərə dair mövqelərini bildiriblər. Dördgünlük görüşdə nazirlər sülh sazişi layihəsinin bəzi maddələri üzrə qarşılıqlı razılaşıblar. Birləşmiş Ştatların Dövlət katibi Antoni Blinken bildirib ki, çətin məsələlərin öhdəsindən gəlmək üçün irəliləmək lazımdır. Yekun razılaşma əldə oluna bilər.
Entoni Blinken- ABŞ-nin dövlət katibi: “Sülh sazişinin əldə edilməsi təkcə tarixi hadisə deyil, həm də Azərbaycan və Ermənistan xalqlarının maraqlarına, hətta iki ölkənin hüdudlarından kənarda da çox müsbət nəticə verəcək. Düşünürəm ki, danışıqların sürəti və həmkarlarımızın qurduğu təməl onu göstərir ki, biz həqiqətən razılığa gəlmək ərəfəsindəyik. Birləşmiş Ştatlar tərəflərə finiş xəttini keçməyə kömək edəcək. Düzdür bunların heç biri asan deyil”.
Siyasi şərhçilər bunu Azərbaycan diplomatiyasının növbəti uğuru kimi qiymətləndirirlər. Amma Ermənistan tərəfi əsassız şərtlər də irəli sürür. Xüsusilə təhlükəsizlik məsələsində.
Yeganə Hacıyeva- siyasi şərhçi: “Təhlükəsizlik mövzusunda Ermənistan tərəfi ciddi razılaşmalara getməyib. Məsələ ondadır ki, Ermənistan tərəfinin özünün delimitasiya və demarkasiya məsələsi ilə bağlı başqa şərtləri var. Xüsusilə bu mövzuya Avropa Birliyini, Fransanı və s. digərlərini cəlb etməyə çalışır ki, Azərbaycan tərəfi buna heç bir halda razılıq verməyib. İki dövlət arası münasibətlərin formalaşmasının vacib aspektləri iki tərəflə olmalıdır. Bu görüşdən sülh sazişinə gedən yoldan çərçivə sənədinin imzalanması ilə bağlı məlumatlar var və gözləntilərimiz də zatən belə idi”.
Nazirlər də bəzi əsas məsələlər üzrə mövqelərinin fərqli olaraq qaldığını qəbul ediblər. Tərəflər müzakirələri davam etdirmək barədə razılığa gəliblər. Ekspertlər də deyir ki, danışıqlar hələ bir müddət davam edəcək. İlham İsmayıl- təhlükəsizlik məsələləri üzrə ekspert: “Biz daha çox 10 noyabr bəyanatının yerinə yetirilməyən müddəalarına əsaslanıb, yəni artıq erməni silahlı qüvvələrinin çıxarılmasını vaxt qoyub, tələb qoyub məsələni həll etməliyik. Ardınca bizim qaçqınların orada yerləşdirilməsi məsələlərini həll etməliyik ki, Qarabağla bağlı olan məsələlərdə əldə olunan nailiyyətlər elə birbaşa Ermənistan-Azərbaycan arasında olan sülh danışıqlarını da sürətləndirə bilər”.
Görünən odur ki, Azərbaycan bütün sülh təşəbbüslərini, ikitərəfli və üçtərəfli danışıqları hər zaman dəstəkləyir. Ona görə də Birləşmiş Ştatların vasitəçilik çağırışına qoşulub. Rəsmi Bakının sülh təşəbbüsü beynəlxalq hüquqa əsaslanır.
Fərid Mehdiyev
- Baxış: 303