• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1260
— 03.05.2023 20:38

Sarı-göylər "play-off"da mübarizəyə başlayır

KepezTV Player

Azərbaycan Basketbol Liqasında pley-off mərhləsinin oyunlarına start verilir. Çempionluğa aparan yolda “Gəncə” komandası da var. Əməkdaşlarımız komandanın məşqlərində olub və qarşılaşmayla bağlı məşqçi və oyunçuların fikirlərini öyrənib.

Nizami yurdunun təmsilçisi liqada turnir cədvəlini 3-cü sırada tamamlayaraq həlledici oyunlara vəsiqə əldə edib. Sarı-göylərin pley-off mərhələsində rəqibi NTD kollektivi olacacaq. Bakılılarla bu mövsüm 4 dəfə qarşılaşan “Gəncə” iki görüşdə uduzub, ikisində isə qalib gəlib. Görüş öncəsi komanda həm fiziki, həm taktiki-texniki məşqlərdə rəqibə qarşı hazırlıq keçir. Oyunları iki qələbəyə kimi davam edəcək bu mərhələdə bölgə klubu ilk matçını səfərdə, ikinci oyununu isə evdə keçirəcək.

Melyunas Yediminas- “Gəncə” komandasının baş məşqçisi: “Pley-off-da ilk görüşümüz NTD ilə olacaq. Güclü komandadır. Ön xətt oyunçuları ucaboyludur. Biz də rəqiblə görüşə yaxşı hazırlaşmışıq. Məqsədimiz finalda oynamaqdır. Bakıda qalib gəlsək doğma meydanda qələbə qazanmaq şansımız daha yüksək olacaq. Əlimizdən gələni edəcəyik. Rəqib komandanın gücünə bələdik, onları yaxşı tanıyırıq. Müasir basketbolda olduğu kimi sürətli və sərt oyun nümayiş etdirəcəyik. Mərhələ adlamağa böyük şansımız var”.

Jalen Gaddi- “Gəncə” komandasının oyunçusu: “NTD yaxşı komandadır. Bildiyiniz kimi biz onları kubokda və 1 tur öncəki çempionat oyununda məğlub etmişik. Ona görə onlar pley-off-da revanş almağa çalışacaqlar. Heyətlərində güclü yerli və əcnəbi oyunçuları var. Çox sürətli oyun nümayiş etdirirlər. Amma buna baxmayaraq, ümid edirəm ki, gərgin məşqlər sayəsində qələbə qazanan tərəf biz olacağıq”.

“Gəncə”nin yerli oyunçuları da pley-off-da qələbə arzusundadırlar. Bunun üçün onlar NTD ilə görüşlərdə var güclərini ortaya qoyacaqlar.

Klubun gəncəli oyunçusu İslam Rzayev bu il “Gəncə”nin heyətində ölkə kubokunun və təhsil aldığı İdman Akademiyasının komandası ilə birlikdə universitet liqasının qalibi olub. Gənc basketbolçu mövsümün üçüncü uğuruna da imza ataraq Gəncə azarkeşlərinə çempionluq yaşatmaq istəyindədir.

Mövsümün sonu olduğu üçün yorğunluq fonunda zədələr qaçılmaz hal alır. Pley-off oyunlarında “Gəncə”nin heyətində itkiləri minimuma endirmək üçün tibbi personal da əlindən gələni edir.

“Gəncə” NTD ilə səfərdə mayın 6-da üz-üzə gələcək. İkinci oyun isə ayın 10-da baş tutacaq. Qarşılaşmalarda komandalar hərəsi bir dəfə qələbə qazanacağı təqdirdə 3-cü görüş oynanılacaq. Qalib gələn tərəf finala adlayacaq.

Orxan Cəfərzadə