• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1179
— 03.05.2023 20:37

Mayda edilən toy vaya dönür?

KepezTV Player

"May ayında toy etməzlər", "May boş aydır", "Bu ayda evlənənlərin sonu olmur" kimi "məsləhətlərlə", yəqin ki, toy etmək istəyən hər kəs qarşılaşıb. Xüsusən də orta və yaşlı nəslin nümayəndələrinin belə tövsiyələri əslində heç bir elmi və tibbi əsasa uyğun gəlmir, batil bir inancdır. Buna baxmayaraq, keçmişdən bu günümüzə qədər gətirilən bu qəribə ənənəyə bu gün çoxları əməl edir. May ayı ərzində tək-tük adamlar olar ki, toy etsin. Maraqlıdır, bu inancın kökü haradan gəlir? 

“May ayı ağır aydır, uğursuz aydır”, deyərək bu ayda toy etməkdən çəkinən kifayət qədər insan var. Bunu müxtəlif inanclarla izah edirlər.

Mayda toyların sayının az olması və ya olmaması şadlıq saraylarına olan müraciətlərin sayından da görünür. Əvvəlki aylarda demək olar ki, hər gün dolu olan zallarda bu ay üçün hələlik toy məclisi bronlaşdıran olmayıb. 

Nizami Qasımov- inzibarçı: “Hal-hazırda müraciət edən yoxdur. Ola bilər ki, olsun. May ayı hələ yeni girir. Amma iyun, iyul aylarına artıq məclislərimiz var, gəlib, sifariş veriblər. Ümumiyyətlə, may ayında toylar az olur, çox az olur. Vallah, fəslin də ən gözəl aylarından biridir, indi müraciət etmirlər”.

Bunun inanc kimi qəbul edilməsinin hər hansı elmi izahı yoxdur. Lakin “bu ay çiçək tökən aydır” düşüncəsi ilə mayı uğursuz hesab edirlər, bu aya ehtiyatla yanaşırlar. 

Ruziyyə Quliyeva- folklorşünas: “Toyları keçmişdən həmişə payızda ediblər, yəni bolluq vaxtı. May ayında qışdan çıxdığı üçün, insan təbiətdə inanclarda çılpaq paltarından yaza, yaya keçir. Bolluq ayı deyil. Bir də may ayının bir səbəbi də var. El, sözü boş yerə yaratmaz. Yəni may ayında yağışlar çox olur, hava sərt olur, insanlar istər-istəməz payızda olan bolluq bərəkət içində olmur. Ona görə may ayında toy eləməzlər inancı yaranıb. Mən ona inac da deməzdim, edənlər edir, indi onun elə bir əhəmiyyəti yoxdur”.

Bu inancın islam dinində də hər hansı izahı yoxdur. Kütləviləşməkdə olan bu tendensiya avamlıqdan, cahillikdən doğur. Mayı ağır ay hesab etmək dində bir ayı o biri aydan üstün tutmaq sayılır.

İsgəndər Məmmədov- din xadimi: “Bildiyimiz kimi dinimiz mötədillik dini sayılır. Yəni istər toy, istər hüzur məclisləri, mərasimləri istər xeyir, istər şərlə bağlı eyni zamanda mötədillik, yəni dünya ilə əbədiyyətin sintezini yaradan bir dindir. Və dinimizdə xüsusilə may ayı ilə bağlı deyək ki, bu ayda toy etmək olmaz, nikaha girmək olmaz, elə bir əməllər yoxdur. Dini nöqteyi nəzərədən elə bir hökm, yanaşma yoxdur”.

Bu ənənənin qondarma erməni soyqırımı ilə bağlı yarandığı da deyilir. Ermənilər guya soyqırımında ölənlərinə yas saxladığı müddət aprelin 24-dən başlayaraq bütünlüklə may ayını əhatə etdiyindən belə bir yanaşmanın da formalaşdığı iddialar sırasında yer alır. Amma söylənilən fikirlərdən belə nəticəyə gəlmək olur ki, "May ayında toy eləmək olmaz" ənənəsi heç bir mənbədə, dində, tarixdə göstərilməyib. Sadəcə "ənənə" olaraq bizim xalqın adətində qalıb. Əslində isə həm yayın, həm də yazın xüsusiyyətlərini özündə birləşdirən may ayında toy etmək əlverişli hesab edilir.

Aişə Rzayeva