Təbiətin qoynunda çadır qurub, müvəqqəti yaşamaq, yəni kampinq turizmin müasir növü kimi son illər daha çox maraq doğurur. Bəs Azərbaycanda kampinq üçün ən uyğun yerlər haradır? Komfortdan qaçaraq, daha sadə olan düşərgə həyatı yaşamaq üçün nələri bilmək lazımdır?
Səbuhi İbrahimov- Kamp təşkilatçısı: “Azərbaycanın hər bölgəsində kamp keçirmək əlverişlidir. Amma xoş istirahət üçün əsasən dağ əraziləri, çay ətrafı olan yerlər daha da maraqlı olur. Hotellərdən fərqli olaraq, burda özünə xidmətdir. Yəni, yatmaq, qidalanmaq üçün özünə xidmət etməlisən. Buna görə bizə gecələmək üçün çadırlar, manqal, qab-qacaq lazımdır".
Səs-küylü şəhər həyatından uzaqlaşaraq ucqar dağ rayonlarına istirahətə üz tutanlar arasında hotelləri, qonaqlama yerlərini seçənlər üstünlük təşkil etsə də, təbiətlə birbaşa təmasda olmaq, meşədə, dağda, bulaq kənarında kamp qurub dincəlmək istəyənlər də az deyil. Görək bəs kamp üçün necə hazırlaşmaq lazımdır?
Səbuhi İbrahimov- Kamp təşkilatçısı: “Kamp zamanı hər cür hava iə qarşılaşa bilərik. Yağış yağa bilər, külək əsə bilər ona görə də tam hazırlıqlı olmalıyıq. Buna görə çadır, çətir, soyuqdan qorunmaq üçün xüsusi geyim olmalıdır. Təbiətdə vəhşi heyvanla qarşılaşa bilərik, buna görə əvvəldən yer seçimində diqqətli olmaq lazımdır”.
Uzun müddət kampinq edənlərdən əlavə istirahətin bu növünə yeni başlayan gənclərimiz də az deyil. Görəsən onlar kampinq etməyə necə qərar verib və orda nələrlə qarşılaşıblar?
Əmrah İskəndərzadə- həvəskar kampçı: “Uşaqlıqdan televizorda görürdüm, marağım var idi. İlk dəfə 2019-cu ildə İsmayıllıya kampa getdik. Şəhərin səs-küyündən uzaq olursan və rahatlayırsan, təbiətin təsiri çox başqadır. Bundan əlavə sosiallaşmaq üçün yaxşıdır və bir çox təlimlər keçirilir. Yay tətilinin ən səmərəli keçirilmə üsullarından biridir. Kamp zamanı telefonlardan istifadə edə bilmirik, sadəcə rəhbərlər axşam valideynlərimizi xəbərdar etməyimiz üçün verir. Bəzən hava çətinlik yarada bilər, isti olar, ya da yağış yağa bilər”.
Hər birimiz iş stresindən uzaqlaşıb istirahət etmək istəyirik. Bunun harda və necə olmağı isə tamamilə özümüzdən aslıdır. Yetər ki, doya-doya əylənib, ürəyimizcə dincələk.
Lalə Sadıqova
- Baxış: 278