• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1720
— 02.05.2023 19:28

300 abonent qazla təmin edilir

KepezTV Player

İyirmi ilə yaxındır salınan Şəmkir rayonunun Aşağı Seyfəli kəndinin sakinləri bu müddət ərzində mavi yanacaq üzü görməyib. Qışın soyuğunda qazsızlıqdan əziyyət çəkiblər. Amma çətin günün ömrü az olar deyimi, burada da yerinə düşən məsəldir. İndi kənd sakinlərinin sevinmək üçün əsası var. 

Sakin: “Bizim uzun müddətdir ki, qazımız yoxdur. İldə 600-700 manat oduna pul veririk. Körpə balalarımız var çətinlik çəkirik”.

Bura Şəmkir rayonunun Aşağı Seyfəli kənd sakininin həyətyanı sahəsidir. Bu evin sahibi də digər həmkəndliləri kimi mavi yanacağın olmamasından əziyyət çəkdiyi üçün öz həyətyanı sahəsində olan meyvə ağacını kəsərək yandırır.

Rayon mərkəzindən 30 km aralıda yerləşən Aşağı Seyfəli kəndinin 300-ə yaxın abonenti mavi yanacağın nə olduğunu bilmir. Adını eşitsələr də, istifadəsini bilmirlər. Qışın soyuğunda odunla isinənlər təhlükə yarada biləcək propan qaz balonlarından da istifadə etmək məcburiyyətindədirlər. 

Sakin: “Qazın olmaması çətinlik yaradır. Pul ilə odun alırıq, xərcimiz çox çıxır. Onu da yandıranda gah isinirik, gah da üşüyürük. Çox da yananda uşaq tərləyir. Ancaq qazın olması yaxşıdır, eyni havada qalır”.

Sakinlərin yaşadığı bu problem aradan qaldırılır. “Azəriqaz” İstehsalat Birliyinin Şəmkir Regional Qaz İstismar İdarəsinin təmir-tikinti şöbəsinin işçiləri kəndin qazlaşmasını həyata keçirir. Çəkilməli olan 25  km-dən artıq qaz xəttinin 11 km-dən çoxu hazırdır. 

Nəbi İsmayılov- sakin: “Bu günə kimi qaz xəttimiz yox idi. İndi bizim kəndimizi də mavi yanacaqla təchiz eləmək üçün müasir tipli qaz xətti çəkilir. Dövlətimizə minnətdarlığımı bildirirəm”.

Asif Babayev- sakin: “Qaz sarıdan əziyyət çəkdik. Neçə illərlə qaz görmürdük. Yanacaq yox, camaat dolana bilmirdi. Çox zülümlər çəkirdik. Sağ olsun dövlətimiz, indi də qazla təmin ediblər”.

Bu ilin ortalarına daşıyıcı xətlərin çəkilişi yekunlaşacaq. Sonra evlərə xətlər çəkilərək, sayğaclaşma aparılacaq. İşlərin qış mövsümünə kimi başa çatdırılması planlaşdırılır.

Anar Hüseynov- Şəmkir Regional Qaz İstismar İdarəsinin idarə rəisi: “Əsas daşıyıcı xətt çəkilibdir. Burada paylayıcı xətlərin çəkilməsi qalıbdır. Bunlarda tez bir müddətdə çəkilərək vətəndaşların ixtiyarına veriləcəkdir. Həmçinin, Şəmkir Regional İdarəsinin sahələrində bu işlər yeni yaşayış massivlərində, yeni kəndlərində həyata keçiriləcəkdir. “Azəriqaz” İstehsalat Birliyi olaraq bizim əsas məqsədimiz vətəndaşları təbii qazla təmin etməkdir”.

Şəmkirdə  66 yaşayış məntəqəsinin 700 abonenti olan 8 kəndi qazlaşmayıb. Bunların da mərhələli şəkildə qazla təminatı aparılacaq. Ümumilikdə rayon üzrə 48 min 500 abonent mavi yanacaqdan istifadə edir.

Elnur Vahidoğlu