• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1965
— 30.04.2023 19:55

Bayramov və Mirzoyanın görüşü nə vəd edir?

KepezTV Player

Xarici işlər naziri Ceyhun Bayramov Amerika Birləşmiş Ştatlarına işgüzar səfərə yola düşüb. Səfər Birləşmiş Ştatların dövlət katibi Entoni Blinkenin dəvəti əsasında reallaşıb. Azərbaycanla Ermənistan arasında "sülh sazişi" layihəsi üzrə danışıqların növbəti raundunun keçirilməsi nəzərdə tutulur. Keçən ilin sonlarında dayandırılan danışıqların davam etdirilməsi nələr vəd edir? Siyasi şərhçilərin fikirlərini izləyək. 

Amerika Birləşmiş Ştatlarının vasitəçiliyi ilə Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında növbəti görüş keçiriləcək. Əsas müzakirə mövzusunun sülh müqaviləsi üzrə olması nəzərdə tutulub. Analitiklər deyir ki, rəsmi Vaşinqtonun görüşü təşkil etməsi sülh müqaviləsinin imzalanmasını tezləşdirə bilər. Çünki beş təməl prinsipini rəsmi Vaşinqton qəbul edir, Bakı ilə İrəvan arasında danışıqları dəstəkləyir. 

Məhəmməd Əsədullazadə- siyasi şərhçi: “Vaşinqton Ermənistana müəyyən təzyiqlər edə bilər ki, artıq Cənubi Qafqazda sülh müqaviləsi bağlansın. Düşünürəm ki, xarici işlər nazirlərinin görüşündən müsbət nəticə ola bilər və bu, gələcək sülh müqaviləsinin, burada əldə olunan razılaşmalar liderlərin görüşünə də razılaşdırıla bilər. Xüsusilə bu kontekstdə sülh müqaviləsinin əsas detalları demək olar ki, masaya çıxarılacaq”.

Siyasi şərçilərin fikrincə Sülh danışıqları o zaman kağız üzərindən əməli işə keçər ki, Ermənistan separatçıları Azərbaycan ərazisindən çıxarsın. Rəsmi Bakının bu tələbi beynəlxalq hüquqa əsaslanır. 

Elmar Hüseyn- hərbi-siyasi ekspert: “Qafqaz regionunun geostrateji vəzifəsi Azərbaycan dövlətinin qoyduğu şərtlər əsasında həyata keçirilməlidir. Ermənilər bu şərtlərə razı olmalıdır. Bu şərtlər çərçivəsində sülh müqaviləsi imzalanacaq. Əks halda biz öz ərazi bütövlüyümüzü bərpa edəcəyik, Qarabağ iqtisadi zonasını silahlı birləşmələrdən təmizləyəcəyik. Qarabağ iqtisadi zonasında erməni dilli vətəndaşlarımıza sahib çıxacağıq”.

Siyasi şərhçilər deyirlər ki, Fransa kimi ölkələrin pozuculuq fəaliyyəti sülh sazişinin imzalanmasına imkan verməsə də, beynəlxalq güclər regionda yaranan yeni reallığı yaxşı anlayırlar. Çünki, iki ölkə arasında sülh razılaşması Avropaya yaşıl enerji ixracında da mühüm rol oynayacaq Zəngəzur dəhlizinin açılmasını reallaşdıracaq...

Azad Mustafayev