Meyvə-tərəvəz məshullarının tərkibində orqanizm üçün lazımlı olan qida maddələri mövcuddur. Bu gün istənilən mövsümdə istənilən məhsulu tapmaq elə də çətin deyil. Amma necə deyərlər, hər şey öz mövsümündə yeyilsə, daha faydalı olar. Növbəti süjetimizdə mövsümündən öncə yetişən meyvələrdən danışacağıq.
Bir neçə gün öncə Mingəçevirdə azyaşlının alçadan zəhərlənməsi və həyatını itirməsi barədə məlumat yayılmışdı. Bu hadisənin yaşanması aprel ayından etibarən satışa çıxarılan mövsümi meyvələrin nə vaxt yeyilməli olduğu məsləsini aktuallaşdırır. Bazarlarda demək olar ki, hər piştaxtaların üsütünə alça, çiyələk, ərik, hətta qarpıza da rast gəlinir. Satıcılar bu meyvələrin kifayət qədər alıcısı olduğu qeyd edirlər.
Satıcılardan fərqli olaraq alıcılar hələ yeni yetişən mövsümi meyvələrdən ehtiyat etdiklərini bildirdilər. Ələlxüsus da azyaşlıların istifadəsinə mümkün qədər imkan vermirlər.
Həkimlər də, süni şəraitdə yetişdirilən məhsulların mövsümündə yetişən məhsullarla eyni qida dəyərində olmadığını, onların insan orqanizminə fayda vermədiyini bildirirlər. Çünki vaxtından qabaq yetişdirilən qidaların tərkibində yabanı otlara və böcəklərə qarşı istifadə olunan pestisidlər olur. Bu da həmin meyvə və giləmeyvəni istehlak edən insanlarda zəhərlənməyə səbəb olur.
Yüksəl Hüseynli- həkim: “Əslində, onların faydasını inkar edə bilmərik. Onlar vitamin və minerallarla zəngindir. Lakin öz mövsümündə. Çünki aprel və may ayında satışda olan çiyələk və alça aydın məsələdir ki, istixanalarda yetişdirilir. Çiyələyin belə qırmızı, alçanın elə həddindən artıq böyük olması üçün təbii ki, bunların tərkibinə kimyəvi maddələr qatılır ki, bunlar da uşaqlarda və böyüklərdə müxtəlif mədə-bağırsaq şikayətləri, zəhərlənmələr və allergik simptomlara səbəb ola bilər. Ona görə də məsləhət görürük ki, mövsümündən tez satışda olan meyvə və tərəvəzləri alıb yeməsələr daha yaxşı olar. Lakin bunu məcburi halda alıb yeyəcəklərsə və uşaqlarına verirlərsə yaxşı olar ki, bunun yuyulmasına təmizlənməsinə xüsusi diqqət etsinlər”.
Mütəxəssislər bildirir ki, biz vitamin və minerallara qarşı olan ehtiyacımızı, daha çox da antioksidantlara olan ehtiyacımızı məhz meyvələrdən alırıq. Ancaq mövsümündə və təbii üsulla yetişən meyvələrdən. Ona görə də meyvə və tərəvəzlərin yalnız vaxtında yeyilməsi məsləhətdir.
Aişə Rzayeva
- Baxış: 355