• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1697
— 30.04.2023 19:57

Separatçılar təxribata hazırlaşırlar?

KepezTV Player

Rusiya sülhməramlıların müvəqqəti məsuliyyət zonasında olan Xankəndi şəhərində məskunlaşan erməni separatçıların hərbi hazırlığı ilə bağlı video yayılıb. Erməni separatçılarının yeni təxribatlara hazırlaşması nədən xəbər verir və proseslər nəyə doğru gedir? 

Xankəndidə məskunlaşan erməni separatçıları yeni müharibəyə hazırlaşırlar. Separatçıların hərbi hazırlığını təsdiq edən görüntülər yayılıb. Görüntülərin sızdırıldığı ünvan da bəllidir. Ermənilərin paylaşdığı video Xankəndi şəhərinin cənub-qərbində yerləşən qanunsuz silahlıların “hərbi hissəsi”nin ərazisində lentə alınıb. “Land Of Fire” kanalının məlumatına görə, ərazi Azərbaycan Ordusunun Şuşa şəhərindəki mövqelərinin 5 km şimalında yerləşir.

Telman Qasımov- hərbi-siyasi ekspert: “Orda hətta gənc uşaqları, cavanları, qızları belə təlimlərə cəlb ediblər və onları hazırlayırlar. Nəyə hazırlayırlar? Bu da aydın məsələdir ki, hazırlanan bütün hər bir əməlin arxasında təbii ki, revanşizmdir. Bu baxımdan həmin hadisələrdən dolayı xüsusən də hazırda Ermənistanda bütövlüklə o könüllüləri, könüllü dəstələrin toplanması, yığılması, yenidən onların komplektləşdirilməsi bölgələrə aparıb, bütövlüklə Azərbaycan və ermənistan sərhəddi boyunca onların yerləşdirilmə prosesləri getdikcə artmaqdadır. Bu da onu göstərir ki, may ayı artıq mən düşünürəm ki, istər Qarabağda, yəni hələ də separatçı rejimlə Azərbaycan dövləti arasında, o silahı qüvvələr arasında və Ermənistan-Azərbaycan sərhəddində vəziyyət getdikcə ağırlaşacaq”.

İbrahim Rüstəmli- hərbi ekspert: “Bu, həm də o deməkdir ki, ermənilər tərksilah olmaq niyyətində deyillər. Ancaq 44 günlük vətən savaşından dərhal sonra biz onların separatçı qüvvələrinin, revanşistlərin daha fəal və daha geniş arenada fəaliyyətini müşahidə etmişdik. Ancaq Azərbaycan dövlətinin qətiyyətli siyasəti nəticəsində bu separatçı qüvvələrin fəaliyyəti kifayət qədər məhdudlaşdırılıb”.

Ekspertlərin fikrincə, Laçın yolunun başlanğıcında Həkəri çayının üzərində nəzarət keçid məntəqəsinin qurulmasından sonra separatçıların təşvişi artıb. Çünki Azərbaycan ərazisinə qanunsuz silah-sursatın daşınması və qansunsuz hərbi birləşmələrin sızması faktları tamamilə bloklanıb. Bu isə o deməkdir ki, Azərbaycan öz ərazi bütövlüyü çərçivəsində hər hansı qanunsuz silahlı dəstələrin fəaliyyətinə qətiyyən imkan verməyəcək. Revanşistlər buna nə qədər hazırlaşsalar belə.

İbrahim Rüstəmli- hərbi ekspert: “Əlbəttə bu lokal qüvvələrin fəaliyyəti yeni müharibə anonsu kimi bir az şişirdilmiş olardı, ancaq görünən odur ki, Azərbaycan dövləti bu məsələdə öz qətiyyətli addımlarını gələcəkdə də davam etdirəcək. Və nəticədə lokal birləşmələrin, separatçı, revanşist qüvvələrin fəaliyyəti üçün heç bir çıxış yolu qoymayacaq”.

Ekspertlər onu da bildirirlər ki, ermənilərin revanşist iddialarının əsası yoxdur. Separatçıların yeni təxribatlara əl atmaları, onlara baha başa gələcək.

Azad Mustafayev