• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1084
— 26.04.2023 11:59

Merlin Monro sindromu

KepezTV Player

Merlin Monro sindromunun  təməli demək olar ki, uşaq yaşlarından qoyulur. Belə ki, bəzi valideynlər övladlarını başqalarıyla müqayisə edir: “Nə üçün sən onun kimi deyilsən?”, “Onu özünə nümunə götür”, “O, daha bacarıqlı, savadlı, səliqəlidir”, “Sən başqa uşaqlar kimi deyilsən”, “Səndə nəsə qaydasında deyil” və s. Uşaqlar valideynlərindən yetərincə, sevgi, diqqət, qayğı, dəstək hiss etmirlər və görmürlər. Belə uşaqlar böyüdükcə bu çatışmazlıqlarını qəbul edir, həmişə valideynlərinin sonralar isə ümumiyyətlə heç kimin sevgisinə layiq olmadığını düşünür, özünə nifrət etməyə başlayırlar. Bu isə artıq Merlin Monro sindromunun yaranmasından xəbər verir.

Yusif Hüseynov: “8-9-cu siniflərə qədər dərslərimi elə də yaxşı oxumurdum. Qonşumuzda oğlan var idi, o, məndən böyük idi. Anam həmişə onu mənə nümunə gətirirdi ki, bax gör necə savadlıdır, dərslərini yaxşı oxuyur. Aradan illər keçdi, oğlan universitetə qəbul oldu və anamgil yenə nümunə olaraq deyirdi ki, görürsən yaxşı oxudu, qəbul oldu. Valideynlərinin başını aşağı eləmədi. Mən isə bu basqılara görə, imtahan günü çox həyacanlı idim, qəbul ola bilməsəm valideyinlərim nə deyər düşünürdüm və bu basqılara görə, imtahanı pis yazdım, qəbul ola bilmədim. Bunların hamısı mənə çox pis təsir edirdi, düşünürdüm ki, valideyinlərim mənə güvənmir, inanmırlar.  Çalışırdım ki, onların istədiyi hər şeyi edim ki, məni sevsinlər. Ancaq görürəm ki, xırda uğur qazananda belə, sevinmirlər, özümü  dəstəksiz, tək hiss edirəm. Ancaq indi fikirləşirəm ki, nə vaxta qədər “xalxın uşağı” kimi olmaq üçün çalışacam. Artıq ona görə həyatımı öz seçimlərim üzərində yaşamağa qərar vermişəm”. 
Bəzi komplekslər də vardır ki, sonradan yaranırlar. Məsələn, kimisi üzündəki, bədənindəki hər hansı bir nahiyəni özündə kompleks edir, bu da onun başqalarının yanında özünü ifadə etməsinə mane olur və həmin insanlarda özünə güvənsizlik yaradır. Belə insanlar da ətrafımızda çoxdur. Bunlardan biri də müsahibimizdir.

Hüseynova Xalidə: “Çox insan olan yerdə özümü narahat, gərgin hiss edirəm. Kütlə qarşısında, tanımadığım adamların yanında fikrimi deməkdən çəkinirəm. Bəzən camaat içində olanda düşünürəm ki, hər kəs mənə baxır. Bəzən digər insanların məndən daha üstün, fərqli olduğunu düşünürəm. Özümü başqaları ilə müqayisə etməyə başlayıram ki, görəsən məndə çatışmayan nə var ki, mən onlar kimi ola bilmirəm. Uşaq vaxtı anamla qonaq gedəndə, həmişə deyirdi- çox danışma, özünü ağır apar, qız uşağı bir az ağır olar. Məncə, elə bu kompleksim də ona görə yaranıb”.
Bəzən komplekslər cəmiyyətdə yer tutmağımıza, məqsədlərimizə çatmağımıza və xoşbəxtliyimizə mane olur. Odur ki, xoşbəxtliyinizə mane olan bu baryerdən azad olmaq lazımdır. Özünüzü sevin və sevilin!

Günay Əsgərova