• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1352
— 16.04.2023 22:12

Beynəlxalq təşkilatlar Ermənistana qadağa qoymalıdır!

KepezTV Player

44 günlük Vətən müharibəsi başa çatandan demək olar ki, elə bir ay yoxdur ki, Ermənistan dövləti ölkəmizə qarşı müxtəlif formalarda təxribatlar törətməsin. Bu təxribatların əksəriyyəti hərbiyönümlü olsa da, digər səhələrdə də ermənilər barbarlıq, insanlığa yaraşmayan əməllər nümayiş etdirirlər. Bir neçə gün öncə İrəvanın ev sahibliyi etdiyi ağır atletika üzrə Avropa çempionatında da düşmən ölkənin xisləti bir daha özünü büruzə verdi və yarış zamanı həm ölkəmizin, həm də qardaş ölkə Türkiyənin bayraqlarına təhqiranə şəkildə münasibət göstərildi. Bununla bağlı Milli Məclisin deputatı Müşfiq Cəfərov mövqeyini bildirib.

Xoşagəlməz hal qitə birinciliyinin açılış mərasimi zamanı qeydə alınıb. Rəsmi hissədə ölkələrin bayraqları təqdim olunarkən Aram Nikolyan adlı şəxs səhnədəki xanımın əlindən dövlət rəmzimizi alaraq yandırıb. Həmin vaxt millimizin üzvləri zalda olmayıblar və hadisədən dərhal sonra etiraz əlamati olaraq atletlərimiz yarışda iştirakdan imtina edərək vətənə dönüblər. Bu təxribata kəskin reaksiya verən Azərbaycan dövləti artıq bir sıra aidiyyatı beynəlxalq qurumlara müraciət ünvanlayıb. Milli Məclisin Gənclər və İdman komitəsinin üzvü Müşfiq Cəfərovun sözlərinə görə lazımi təşkilatlar məsələyə münasibət göstərməlidirlər.

Parlamentin üzvü İrəvandakı Avropa çempionatının növbəti günü baş verən ikinci təxribatın isə erməni hakimiyyətinin bu işdə marağının olduğunu göstərdiyini deyib.

Müşfiq Cəfərovun fikrincə, bu təxribata görə hətta beynəlxalq qurumlar Ermənistanda keçiriləcək yarışlara görə sərt cəza tədbirləri görməlidir.

Azərbaycan da bu günədək bir sıra beynəlxalq tədbirlərə, mötəbər yarışlara ev sahibliyi edib və ölkəmizə təşrif buyuran erməni idmançılar bu cür neqativ halla qarşılaşmayıblar. Bayrağımızın yandırılması və cırılması onu göstərir ki, mənfur qonşularımız hələ də müharibədəki qələbəmizi həzm edə bilməyiblər və idman sahəsində də eyni acını yaşamaq istəmirlər.