Sürücülük vəsiqəsinin verilməsi ilə bağlı yeni qaydalar təklif edilir. Burada sürücülük vəsiqəsi alan vətəndaşın sınaq dövrünü keçməsi əsas şərt kimi göstərilir. Sınaq dövründən keçmək nədir və bu zərurət necə yaranıb?
Təklif olunan qaydalara əsasən, yeni sürücülük vəsiqəsi alan vətəndaşa sınaq müddəti verilir. Təbii ki, burda söhbət təcrübəsiz sürücülərdən gedir. Dünyanın bir çox ölkələrində yeni sürücülük vəsiqəsi alanlara bu təcrübə tətbiq olunur. Azərbaycanda da bu təklifin irəli sürülməsi imtahana hazırlaşanların paralel olaraq sınaq mərhələsinə də hazırlaşmasına rəvac verib.
Gülgəz Rzayeva- şəhər sakini: “3 aydır sürücülük vəsiqəsi imtahanına hazırlaşıram. İmtahanı verib, bitirdikdən sonra yollardakı sınaq müddətindən keçmək üçün təlimlərə qoşulacağam”.
Sürücülük vəsiqələri sınaq müddəti çərçivəsində veriləcək və sürücü bu mərhələdən uğurla keçməsə, qısa müddət ərzində kobud qayda pozuntusuna yol versə, onun idarəetmə hüququ məhdudlaşdırılacaq.
Elməddin Muradlı- nəqliyyat eksperti: “Biz təklif edirik ki, ilkin olaraq sürücülük vəsiqəsini alan şəxslərə sınaq müddəti mütləq verilməlidir. Onlar bunun məsuliyyətini dərk eləməlidirlər ki, bu vəsiqə onların əlindən əbədiyyən çıxa bilər, heç vaxt ala bilməzlər və yaxud da ağır sınaqlardan keçməli olacaqlar. Yoxsa bu gün vəsiqəni alan adamla 40 il sürücülük hüququ olan şəxs arasında heç bir fərq qoymuruq və sözsüz ki, bununla da müəyyən problemlər yaşanır”.
Bu təklif uzun illərdir sükan arxasında oturanların da ürəyincədir. Onlar təcrübəsiz sürüclərin yaratdığı problemlərdən təngə gəldiklərini qeyd edirlər. Qaydaların sərtləşdirilməsinin lazım olduğunu bildirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirildi ki, Azərbaycan Respublikasının qanunvericiliyində təcrübəsiz sürücülər üçün “Yol Hərəkəti Haqqında” qanunda “təcrübəsiz sürücü” nişanı var. Ancaq yeni başlayan sürücülərin bu nişandan xəbəri belə yoxdur. Yollara fəqlənmə nişanı olmadan çıxmalar isə digər hərəkət iştirakçıları üçün təhlükə yaradır. Yeni təklifə əsasən sürücülərin sınaq müddətindən keçdikdən sonra vəsiqə alması isə yol hərəkəti hadisələrinin qarşısını almağa imkan verəcək.
Eşqin Qasımov DİN-in Mətbuat Xidmətinin əməkdaşı: “Baş verən qəzaların statistikasına nəzər saldıqda, əsasən yol nəqliyyat hadisəsini törədən sürcülərin əksəriyyətinin avtomobili yeni-yeni idarə edən şəxslər olduğu görünür. Əsasən manevr qaydalarının pozulması, sürət həddinin aşılması, dayanma-durma qaydalarının pozulması, yol nəqliyyat hadisələrinin baş verməsini göstərir. Və bu analiz bir daha təsdiqləyir ki, sükan arxasında yeni əyləşən sürücülər tələsməməli, olduqca rahat və səlis hərəkət etməlidirlər”.
İrəliləyən günlərdə sürücülər üçün bir çox tələblər də ortaya qoyulacaq. Namizədlərin psixoloji müayinələrdən keçməsi də bu sıradadır.
Aişə Rzayeva
- Baxış: 321