• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1256
— 14.04.2023 20:40

Avtobus dayanacaqlarını zəbt edən taksilər

KepezTV Player

Gəncədə, ələlxüsus da şəhər mərkəzindəki dayanacaqlarda avtobuslara yer tapılmır. Sərnişindaşımaya cəlb edilən iritutumlu nəqliyyat vasitələri avtomobili taksilərin əlindən yolun hərəkət hissəsində saxlamaq məcburiyyətindədir. Bu da həm çətinlik yaradır, həm də təhlükə. Səbəbi və həlli yolları barədə qarşıda... 

Avtobus dayanacağı barədə məlumat verən 5.12 nişanı. Bu nişanın təsir sahəsində mikroavtobus və avtobusların dayanması nəzərdə tutulur. Ancaq Gəncənin mərkəzi küçələrində vəziyyət belə deyil. Bu ərazi fərdi olaraq və ya şirkətlərdə fəaliyyət göstərən taksilər tərəfindən zəbt edilib.

Bura avtobusların sərnişin mindirib-düşürməsi üçün nəzərdə tutulan dayanacaqdır. Ancaq dayanacağı zəbt edən taksilər burada hərəkəti çətinləşdirir. Nəticədə isə sərnişinlər avtobusdan istifadə etmək üçün məcburən yolun hərəkət hissəsinə çıxmalı olurlar. Bu da qəza şəraiti yaratmaqla, insan həyatı üçün təhlükə yaradır.

Sərnişin: “Marşrutdan düşəndə taksilərin ucbatından hərəkət eləmək olmur. Düşəndə də, minəndə də çətinlik çəkirsən. Məcbur oluruq, maşınların arasından keçirik. Normal bir yer yoxdur ki, deyəsən ki, bu avtobus dayanacağıdır, burda minək, burda düşək”.

Sərnişin: “Elə əslində, qəzalar bundan yaranır. Taksilər burda dayanır. Bunlar üçün xüsusi bir yer olar, dayanar. Camaat da belə əziyyət çəkməz”. Sərnişin: “Maneə olurlar, avtobuslar dayanmağa yer tapmır. Birtəhər keçirik. Maşınlar çox sıxlıqdır”.

Sərnişin: “Bax belə, gördüyünüz kimi. Zorla gedirik. Avtobus gəlir, biz maşınların arasından keçirik. Belə olmaz axı!”

Sərnişinlərin həyatı üçün təhlükəli olan bu hal avtobus sürücüləri üçün də çətinlik yaradır. Onlar deyirlər ki, dayanacağa daxil ola bilmədikləri üçün sərnişinləri hərəkətin intensiv olduğu yerlərdə düşürüb-mindirməli olurlar. Sürücü: “İşarə var - saxlamaq qadağandır. Kim harda gəldi, saxlayır. Tıxac olur. Hər yerə gecikirik. Biz də yolda dayanırıq. Elə maşınların yanında belə saxlayırıq. Sərnişinlər minib, düşürlər”.

Sürücü: “Bunları ləğv eləsələr yaxşı olar. Dayanacağa girmək mümkün deyil. Biz dayanmalıyıq dayanacaqda, ancaq onların əlindən girə bilmirik”. Sürücü: “Harda gəldi, orda birtəhər saxlayırıq. Camaat da çətinliklə düşür”.

Taksi sürücülərinin məsələyə münasibəti isə özünəməxsus şəkildə oldu. Müxtəlif bəhanələri əsas gətirərək, hələ özlərini haqlı çıxarmağa da çalışdılar. Nəzərə alsaq ki, taksi fəaliyyəti ilə məşğul olanlar özləri ilə yanaşı sərnişinlərin də təhlükəsizliyini təmin eləməlidir, onların qanunlara daha ciddi riayət etmələri vacibdir.

Taksi sürücüsü: “Avtobus dayanacağı burda ola bilər. Amma avtobuslar burda deyil, arxada saxlayırlar. Mən sifariş düşəndə gedirəm. Amma bunlar burda qoyub, işə gediblər. Onlara nə deyəcəksiniz?”

Taksi sürücüsü: “Adam gözləyirəm. Harda işarə var? Avtobus işarəsi qarşıdadır”.

Sürücü: “Maşın gəldi, saxladı. Biz ona görə dayandıq. Biz burda çörək puluna çıxırıq. Onlar da gəldi, burda saxladı. İstəyirsiniz, sürüm gedim”.

Amma başqalarının yolunu kəsməklə çörək pulu qazanmaq həm qanunun tələblərinə, həm də hərəkət iştirakçılarına qarşı biganəlikdir.

Nəqliyyat vasitələri təkcə avtobus dayanacaqlarında deyil, həm də dayanmanın və durmanın qadağan olduğu yerlərdə parklanma edirlər. Bu da həm digər hərəkət iştirakçıları, həm də yolu qarşı tərəfə keçmək istəyən piyadalar üçün təhlükəli vəziyyət yaradır.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə də bu mövzuda rəsmi müraciətlər çoxdur. Ələlxüsus da Gəncədən.

Tural Orucov- AYNA-nın Mətbuat katibi: “Müraciətlər əsasında qeyri-qanuni sərnişindaşımaya, eləcə də avtobus dayanacaqlarını zəbt edən və avtobusların normal fəaliyyətinə imkan verməyən taksi sürücülərinə qarşı dəfələrlə reydlər keçirilib. Lakin, acınacaqlı vəziyyət yenidən təkrarlanıb. Qeyd edək ki, müntəzəm avtobus marşrutları ilə sərnişindaşıma fəaliyyətinə mane olan taksi sürücülərinin inzibati qaydada məsuliyyətə cəlb olunmalarına və davamlı nəzarət tədbirlərinin həyata keçirilməsi ilə bağlı Gəncə şəhər Baş Polis İdarəsinə müraciət olunub”.

Bəzi sürücülər təkcə nişanın tələbindən kənara çıxmır, həm də avtomobili harada gəldi- yolayırıcının qarşısında, işıqforun altında, birtərəfli yolların sağ və sol tərəflərində də saxlayırlar. Bu da yolun daralması kimi hallara gətirib çıxarır. Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirildi ki, yol polisi şöbəsinin əməkdaşları tərəfindən dayanma-durma qaydalarını pozan sürücülərlə bağlı reydlər mütəmadi olaraq keçirilir. Ancaq görünür, bu tədbirlər elə də çox fayda vermir.

Eşqin Qasımov- DİN-in Mətbuat Xidmətinin əməkdaşı: “Gəncə şəhər Baş Polis İdarəsinin dövlət yol polisi şöbəsinin əməkdaşlarının mütəmadi olaraq şəhər ərazində hərəkətin təhlükəsizliyi istiqamətində keçirdiyi tədbirlərdən biri də avtomobillərin dayanma-durma qaydalarını pozmasıdır. Lakin, əfsuslar olsun ki, şəhər ərazisində dayanacaqlar çox olduğundan, hər dayanacağa mütəmadi olaraq bir polis nəzarət edə bilməz. Burda sürücülərin özlərinin üzərinə də məsuliyyət düşür. Və bilməlidirlər ki, dayanacaqda dayanmaqla və ya durmaqla, o, şəhər ərazisində nəqliyyatın sıxlığına gətirib çıxara bilər ki, bu da istər-istəməz hər bir vətəndaş tərəfindən narazılıqla qarşılanır”.

Taksi xidmətində olan digər problemləri də göz önünə gətirsək, bu sahədə ciddi nizam-intizamın yaradılması vacib görünür. Həmçinin, irəliləyən günlərdə fərqlənmə nişanı olmayan taksilərin fəaliyəti tam qadağan ediləcək. Eyni zamanda, müəyyən təbliğat işləri aparılmaqla, cərimələr də tətbiq olunacaq. 

Aişə Rzayeva