• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1859
— 11.04.2023 16:18

“Kəpəz” ikinci dəfə doğma meydandan ayrı düşəcək

KepezTV Player

“Kəpəz” növbəti dəfə doğma meydandan kənar düşəcək. Buna səbəb bu dəfə komandanın rəqiblərini qəbul etdiyi stadionun yox, ot örtüyünün oyunlar üçün yaxşı vəziyyətdə olmamasıdır. Sarı-göylərin ev qarşılaşmalarının Gəncədən kənarda keçiriləcəyi ilə bağlı xəbər azarkeşlər tərəfindən yaxşı qarşılanmayıb.

“Səbail”lə çempionat oyunundan sonra ot örtüyünə qulluq edən şirkət qazonun vəziyyətini yaxşılaşdırmaq üçün işlərə başlasa da, bu, nəticə verməyib. Qazonun əvvəlki kimi olması üçün azı 1 aya yaxın vaxt lazım olduğundan “Kəpəz” qarşıdakı “Turan Tovuz” və “Sumqayıt”la ev oyunlarını başqa stadionda keçirməli olacaq.

“Kəpəz”in doğma meydandan didərgin düşməsi kluba həmçinin maddi cəhətdən də zərbə vuracaq.

“Kəpəz”in Gəncəni tərk etməsi azarkeşlərin ürəyincə olmayıb. Mövsüm başlayanda iki aya yaxın Gəncə şəhər stadionunda tribunaların qəzalı olması səbəbindən komandanın ev oyunlarını izləmək üçün Qəbələyə üz tutan fanatlar yenidən eyni aqibətlə üzləşiblər.

“Kəpəz”in Qəbələdə qəbul edəcəyi “Turan Tovuz”la matç aprelin 15-i, “Sumqayıt”la görüş ayın 29-da baş tutacaq. Bu rəqiblərlə oyunlar Gəncə klubu üçün elitada qalmaq uğrunda mübarizədə vacib əhəmiyyət daşıyır. Premyer Liqanın sonunadək Kəpəzin may ayında “Sabah” və “Neftçi” ilə daha iki ev oyunu var ki, bu görüşlərin harada keçiriləcəyi isə hələlik məlum deyil. Hər şey ot örütüyünün vəziyyətdən asılı olacaq.

Orxan Cəfərzadə