• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 783
— 10.04.2023 20:08

İranın dəyişməyən xəbis niyyəti

KepezTV Player

İranın rəsmi qəzeti terrorçulara tribuna yaradıb. Molla rejimi Azərbaycana qarşı təhdidlər səsləndirən, Respublikanın konstitusiya quruluşunu dəyişmək naminə hər cür təxribatlara əl atan qruplaşmaya meydan verərək terrora maddi-mənəvi dəstəyini sübut etmiş oldu. Mütəxəssislər düşünür ki, bununla da molla rejimi, dalana dirənən Tehran-Bakı müsanibətlərinin düzəlməsi ehtimalını minimuma endirir.

Tehran hökumətinin rəsmi xəbər orqanı -“İran” qəzetinin baş redaktoru Məhəmməd Mütləq “Hüseiniyun” terror qruplaşmasının üzvlərindən müsahibə alıb. Azərbaycana qarşı düşmən mövqeyi ilə tanınan qəzetin baş redaktoru məqalədə terrorçuları reklam etməkdən çəkinməyib. Bununla belə, “Hüseynçilər”-in qondarma rəhbərindən alınan müsahibədə terror qruplaşmasının yaradılmasının yeni məqamları üzə çıxıb. “Hüseiniyun”nun təsisçisi Tohid İbrahimbəyli bildirib ki, bu prosesdə SEPAH-ın öldürülmüş generalı Qasım Süleymaninin rolu olub.

Siyasi şərhçilər İran mediasında Azərbaycana qarşı hədə, xəbərdarlıq xarakterli yazıların və ritorikaların yer almasını rəsmi Tehranın iç üzünün ifşası kimi qiymətləndirirlər.

Tural Əliyev- Siyasi şərhçi: “Azərbaycan xüsusi xidmət orqanlarının İrana bağlı şəbəkələrə qarşı keçirdiyi əməliyyatlar görünür İran hakimiyyəti daxilində qıcıq yaradıb. Bunu, rəsmi şəkildə bəyan edə bilmir, bax bu formalarda hökumətə yaxın media orqanlarında terrorçu quruplaşmaların liderlərinin müsahibələrinin yayımlanması, daha da konkretləşdirsək, “Hüseiniyun” terrorçu təşkilatlarının başçısının müsahibə verməsi və Azərbaycana qarşı hədə dolu çıxışlar etməsi artıq İran hakimiyyətinin bir daha daxili, iç üzünü göstərmiş oldu”.

Bəs mollaların mədhiyyələr düzdüyü “Hüseynçi”lər kimdir? Təşkilatın əsasını qoyan Tohid İbrahimbəyli ilk dəfə 2009-cu ildə 20 yaşında Gəncədə polisə müqavimət, çevirilişə cəhd ittihamlarlıyla həbs edilib. Bir neçə il sonra o, təhsil aldığı Qum şəhərinə köçərək ona təlqin edilən fikirləri internet üzərindən aşılamağa davam edib. Amma pozuculuq əməlləri bununla yekunlaşmayıb. Azərbaycan ictimaiyyətinə özünü şeyx kimi təqdim edən Tohid İbrahimbəyli 5 il sonra Gəncədə çevrilişə cəhd edib. İran qəzetinə müsahibədə onlar 2018-ci ildə Gəncə şəhər İcra Hakimiyyəti başçısı Elmar Vəliyevə qarşı sui-qəsdin məsuliyyətini də dolayısı ilə üzərlərinə götürüblər.

Yeganə Hacıyeva- Siyasi şərhçi: “2018-ci ildə isə, məhz Tohid İbrahimbəylinin əsasını qoyduğu bu “Hüseiniyun” təşkilatı Azəbaycanda Gəncə hadisələrinin törədilməsində, həmin dövr üçün bunu etiraf etməsələr də, sonradan “Hüseiniyun” təşkilatının bunu həyata keçirməsi ilə bağlı Gəncədə qiyama hessablanmış addımlar atıb”.

İran agenturası üçün fəaliyyət göstərən hüseynçilər Təbrizdəki konsulluğumuzu hədəf alıblar. Məlumatlara görə, terror qruplaşmasının üzvləri “persona non qrata” elan edilərək ölkədən çıxarılan diplomatların qisasını almaq məqsədilə Təbrizdəki konsulluğumuzun qarşısında eyni tələblə aksiya keçirməyi planlayırlar.

Azad Mustafaye