Növbəti videomaterialımız Gəncənin bir vaxtlar görkəminə xüsusilik qatan bulvar barədədir. Niyə bir vaxtlar və keçmiş zamanda? Çünki, hazırda bulvarın adı qalıb. Nə park, nə çay, nə istirahət, nə də əyləncə təməl məqsədlərinə uyğun gəlmir.
Şəhər sakinlərinin və şəhərə gələn qonaqların rahatlığı üçün müasir istirahət guşəsi olaraq yaradılmışdı Park Bulvar. Yaşıllıqlar, istirahət məkanı və guşələri, əhaliyə xidmət göstərən müasir infrastruktur cəlbedici etmişdi bu məkanı. Açıq havada attraksionlar, velosiped yolu və digər sosial infrastruktur bulvara üz tutanlarda maraq yaradırdı.
Gəncəçay Park Bulvar kompleksi yay və yaz aylarında sakinlərin əsas istirahət məkanlarındandır. 34 hektar sahəni əhatə edən parkın hazırki vəziyyəti isə ürəkaçan deyil.
Şəhər sakini: “Əlbəttə, gəzməyə gəlirik, görəndə də belədir, adamın ürəyi açılmır. İstirahətə gəlirik, ancaq görə bilmirik”.
Şəhər sakini: “Tez-tez gəlirəm bura. Bunlar şəhərin gözəlliyinə xələl gətirir. Gözəllik hər yerdə olmalıdır”.
Şəhər sakini: “Mingəçevir şəhərindən qonaq gəlmişik. Görürük, bu vəziyyəti. İnşallah ki, yəqin düzələr. Burda uşaqlar oynayır. Qocalar, yaşlılar olur burda. Nəzərə alıb, yəqin düzəldərlər buranı”.
Bulvarın bu hissəsində döşəmənin çökməsi hərəkəti çətinləşdirir. Həmçinin çökmə nəticəsində üzə çıxan elektrik naqilləri də buradan keçənlər üçün real təhlükə yaradır. Ələlxüsus parka gələn azyaşlı qonaqlar üçün.
Şəhər sakini: “Artıq 1 ilə yaxındır, heç kəs də baxmır. Barıları uçub. Düzəltmirlər. Kisələrlə qum gətirirlər, hamısı orda qalıb. Nə gündədir park, belə olmalıdır?! Orda fəvvarə düzəltmək istədilər, o da yarımçıq qaldı. Yalandan gəlib, süpürürlər, bir də ağacları sulayırlar. Bunların işi bundan ibarətdir”.
Parkda olan problemlərin əksəriyyətinin aidiyyatı qurumlar tərəfindən həlli gözlənilsə də, bəzilərinin yaranması bilavasitə sakinlərdən qaynaqlanır. Yazılan və qırılan oturacaqlar, yararsız vəziyyətə gətirilmiş idman alətləri, yerə atılan tullantılar...
Çayın məcrasında toplanan zibil tullantıları isə burada istirahət edən sakinlər üçün xoşagəlməz mənzərə və qoxu yaradır.
Mövcud duruma aydınlıq gətirmək üçün Park Bulvar idarəsi ilə əlaqə saxladıq. Şifahi olaraq dedilər ki, bizim işimiz təmizlik və səliqə-səhman yaratmaqla kifayətlənir. Siz, Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat birliyi ilə əlaqə saxlayın. Elə də etdik. Amma oradan şəhəri iki hissəyə bölən çay boyu salınan bulvardakı vəziyyətə aydınlıq gətirmək istəmədilər. Belə qənaətə gəlmək olar ki, aidiyyatı qurumların yanaşması bulvardakı mənzərənin yaranması ilə paralellik təşkil edir. Nə söz deyən var, nə iş görən. Görünür sakinlərin rahatlığı, onların asudə vaxtlarının daha səmərəli təşkili məqsədi daşıyan, qədimliyini qoruyaraq müasirləşən Gəncənin gözəlliyinə əlavə çalarlar qatan bu sosial layihə artıq diqqət cəlb etmir.
Aişə Rzayeva
- Baxış: 357