“Biz, reallığı gizlədərək yüksək pafoslu sözlər deməyi sevirik, amma reallıq budur ki, 44 günlük müharibədə 11 min nəfər fərarimiz vardı”. Bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan deyib. Müharibə dövründə qadınları təlimə cəlb edən və canfəşanlıq nümayiş etdirən Akopyanın sözləri savaş günlərində Ali baş komandanın çıxışlarında dediyi faktları sübuta yetirmiş oldu. Digər tərəfdən Akopyanın etirafı həm də erməni ordusunda fərarilik hallarının miqyasını göstərir.
Anna Akopyan, 2020-ci ildə 44 günlük Vətən müharibəsində Ermənistan Ordusunun təxminən 25%-nin, yəni 11 min nəfərin müharibədən qaçdığını etiraf edib. O, ölkənin baş naziri Nikol Paşinyanın və özünün könüllü cəbhəyə yollanmaq üçün xalqa müraciətlərinə, çağırışlarına da cəmiyyətdən reaksiya gəlmədiyini deyib. Müharibədən sonra erməni xalqı və müxalifət tərəfindən Paşinyanın satqın adlandırılmasına münasibət bildirən Akopyan, bir növ meydanda tək qalmalarına üsyan edib. Əslində, indi etiraf edilən reallıq, bizim üçün heç də yeni məlumat deyil. Çünki, elə müharibə dövründə Azərbaycan prezidentinin çıxışlarında bu fakt öz əksini tapırdı. Siyasi şərhçilər deyir ki, Akopyanın rəsmi şəkildə ordudakı fərrarilik hallarını etiraf etməsi erməni xalqının tarixdə fərrari kimliklə qalmasını rəsmiləşdirir.
Qədir Aslan- siyasi şərhçi: “Bu, böyük etiraf hesab edilsə də, əslində bir millətin özünün manifestidir. Və nəticə etibarilə, birinci xanımın dilindən səslənən, bilirsiniz ki, Anna Akopyan hazırda orda faktiki olaraq birinci xanımdır. Onun dilindən səslənın bu fikir, bir millətin bəşəri dəyərlərin fonunda və dəyərlərin mövcudluğu fonunda nə qədər alçalması və öz dəyərlərini itirməsi, hətta vətəni qorumaq, cəbhəni qorumaq hisslərini itirməsi kimi, dəyərlərin məhv olub, sıradan çıxmasının göstəricisidir”.
Bir tərəfdə döyüşdən qaçan fərrari erməninlər, digər tərəfdə isə müharibəyə getmək üçün dayanmadan səfərbərlik xidmətinə üz tutan azərbaycanlı gənclər. 44 günlük müharibədə qələbəmizi qaçılmaz edən nüanslardan biri də məhz bu idi. Düşmən ordusunda 11 min fərarinin olduğu halda, Şanlı Azərbaycan Ordusunda 1 nəfər belə fərari olmaması əslində kimin həqiqət uğunda vuruşduğunu, haqlı olduğunu göstərən faktlardır.
Telman Nüsrətoğlu- siyasi şərhçi: “Əslində, aprel döyüşlərindən etibarən Azərbaycan ordusu erməni ordusunun məğlubedilməzliyi ilə bağlı o miflərin hamısını darmadağın etmişdi. Və istər müasir müharibələr taktikası baxımından, istərsə də milli ruh baxımından nə qədər üstün olduğunu açıq şəkildə ortaya qoymuşdu. Əslində Azərbaycan ordusu bu gün Cənubi Qafqazın ən qüdrətli ordusu olmaqla yanaşı, dünyanın da türk ordu modelinə keçdikdən sonra, 44 günlük müharibədə ən aparıcı ordularından biri olduğunu da ortaya qoydu”.
Statistikaya görə, müharibə zamanı Ermənistanın Azərbaycan silahlı qüvvələri tərəfindən məhv edilmiş və hərbi qənimət kimi götürdüyü texnikanın minimal dəyəri 3,8 milyard dollar təşkil edir. Bu da ölkənin son on ildə sərf etdiyi ümumi hərbi xərclərin 77%-ni təşkil edir. Nəticədə Ermənistan ordusu döyüş qabiliyyətini itirib və onun bərpası uzun illər tələb edir. Günü-gündən zəifləyən iqtisadiyyatla isə bunu reallaşdırmaq mümkünsüz görünür.
Azad Mustafaye
- Baxış: 303