• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 711
— 30.03.2023 12:47

Gəncənin “Böyük dəbilqə” turnirində ilk qızıl medalı

KepezTV Player

Mart ayı gəncəli idmançılar üçün düşərli olub. Sərbəst güləşçi Turan Bayramovdan sonra onun adaşı cüdoçu Turan Bayramov da qatıldığı yarışda vətənə ən yüksək nailiyyətlə dönüb.

Nizami yurdunun yetirməsi Gürcüstanın paytaxtı Tbilisidə keçirilən “Böyük dəbilqə” turnirində fərqlənib. Millimizin tərkibində qonşu ölkədəki yarışda iştirak edən Turan 60 kq çəki dərəcəsində bütün rəqiblərini qabaqlayıb. Tatami ustası Türkmənistan, Özbəkistan, Ukrayna, Qazaxıstan və Gürcüstan olan rəqiblərini məğlub edərək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Yeri gəlmişkən, bu, Azərbaycan komandasının turnirdə yeganə qızıl medalı olub.

Cüdoçunun şəxsi məşqçisi Xanəhməd Rzazadə yetirməsinin çıxışından ağızdolusu danışıb. Əməkdar məşqçi Turandan qarşıdakı yarışlarda daha böyük uğurlar gözlədiyini söyləyib.

Xanəhməd Rzazadə Turanın çəkisində rəqabətin böyük olduğunu, amma gəncəli cüdoçunun özünü ən yaxşı tərəfdən göstərərək, millinin əsas üzvünə çevriləcəyinə inandığını deyib.

“Böyük dəbilqə” turnirindən sonra Turan Bayramov öz çəkisində reytinqdə də irəliləyib. Cüdoçu qazandığı qızıl medalla dünya sıralamasında 11-ci pilləyə yüksəlib. Hazırda Turan Bakıda məşqlərini davam etdirir. Bir neçə gün sonra isə gənc cüdoçu milli ilə birgə Türkiyənin Antalya şəhərinə təlim-məşq toplanışına yollanacaq.

Orxan Cəfərzadə