• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1138
— 29.03.2023 12:25

Zərərli vərdişlərin orqanizmə təsiri

KepezTV Player

Sağlamlıq insanın fiziki, psixoloji və sosial həyatda normal fəaliyyətini təmin edən vəziyyətdir. Belə həyat tərzi yaşamaq istəyən hər bir insan bir çox qaydalara əməl etməlidir. Bu qaydalar düzgün qidalanma, orqanizmi daim möhkəmləndirmə, gigiyenaya riayət etmək, əmək və istirahəti düzgün tənzimləmək, zərərli vərdişlərdən çəkinməkdən ibarətdir. Sağlam insan ətraf mühitin reaksiyalarına müvafiq cavablar verə bilir. Digər canlılardan fərqli olaraq, insan onu əhatə edən mühiti dəyişdirmək qabiliyyətinə malikdir. Hər birimiz adi müşahidələrdə zərərli vərdişlərin məhv etdiyi insanları görürük. Bu vərdişlər müxtəlifdir, eyni zamanda onların verdiyi zərərin nəticələri də müxtəlifdir. Son illərdə bu vərdişlərin sayı sürətlə artmaqdadır. Bu vərdişlərin vərdiş halını almasının səbəbləri də çox müxtəlifdir.

Bir hərəkətin vərdiş halına keçməsi üçün müəyyən vaxt lazımdır, uzun müddət istifadədən sonra insan özündən asılı olmadan, bu vasitələrin alüdəçisinə çevrilir. Araşdırmalar göstərir ki, hər il dünyada 4 milyon, hər gün 11 min insan siqaretin səbəb olduğu xəstəliklərdən dünyasını dəyişir. Azərbaycanda isə yaşı 15-dən yuxarı olan kişilərin 41 faizi siqaret çəkir. Siqaretin tərkibində olan nikotin orqanizmə təsir edərək ağciyər xərçəngi, mədə xorası, hipertoniya kimi xəstəliklərə yol açır. Tütün zəif stimulyator maddə kimi mərkəzi sinir sisteminə təsir göstərir. Gündə 2-3 qutu siqaret, insan orqanizminə dərman vasitələrindən çox psixotoksiki təsir edir. Bu təsir gənc yaşlarda daha təhlükəli xarakter daşıyır, beyni dumanlandırır, insanın davranışında dəyişiklik yaradır.

Hər bir insan cəmiyyətdə belə halların qarşısının alınması üçün çalışmalıdır. Unutmayaq ki, narkotik maddələrin və spirtli içkilərin hər damlasına min damcı göz yaşı qarışır.