Valideynlər övladlarının tərbiyəsi ilə yanaşı onların cinsi tərbiyəsinə də ciddi fikir verməlidirlər. Çünki, bu suallara vaxtında və düzgün cavab verməməyin nəticəsində övladlarımızda müxtəlif növ fizioloji və psixoloji problemlər baş qaldırır.
12-14 yaşlarında hormonal qeyri-stabillik (disbalans) və organizmin üzərinə düşən artmış gərginlik fonunda yeniyetmə uşaqlarda tez yorulma və yuxululuq, əhval-ruhiyyənin kəskin şəkildə dəyişkənliyi kimi halları da qeyd edilə bilər. Valideynlərin gözündə 13-15 yaşlı yeniyetmə hələ da uşaq olmaqda davam edir. Lakin onu da yaddan çıxarmaq lazım deyil ki, bu uşaq artıq özünü böyük hesab edir və valideynlər tərəfindən onun fikri nəzərə alınmadıqda özünü təhqir olunmuş hesab edərək xeyli dərəcədə incimiş olur. Kövrəklik, küsəyənlik, inciklik yeniyetmə uşaqlar üçün xarakterik olan əlamətlərdən hesab edilir. Təxminən 15-16 yaşlarında hormonal fon və sinir sistemi stabilləşir, uşağın davranışındakı birgə yaşadığınız çətin, problemli günlər geridə qalır. Lakin onu yadda saxlamaq lazımdır ki, bu stabilləşmənin yaranmasında aparıcı və baş rol yenə də valideynlərə məxsusdur.
Bəzi ailələrdə valideynlər uşağın "nalayiq və artıq hərəkət etməsi" qorxusundan onda əks cinsə qarşı mənfi təsəvvürlər yaratmağa çalışırlar. Nəticədə uşaqlar bunu çirkin, nalayiq bir hərəkət kimi qiymətləndirməyə başlayırlar. Belə münasibət gələcəkdə, uşaq böyüdükdə onun həyatında xoşagəlməz, neqativ bir iz buraxa bilər. Bu isə gələcəkdə onun ailə qurmasında, evlənməsində və ya ərə getmək arzusunda qorxu və həyəcan hissi yarada bilər. Yeniyetmələri, həmçinin, cəza verməklə də qorxutmaq olmaz. Bununla siz onları səhv hərəkətlərdən heç də sığortalaya bilməyəcəksiniz. Əksinə, hər-hansı bir çətinliklə üzləşən yeniyetmə daha düzgün qərar qəbul etmək istəyərkən, məsləhət almaq üçün, sizə yox, özü kimi təcrübəsiz başqa bir dostuna-yaşıdına müraciət edəcəkdir.
Uşaqlar ailənin güzgüsüdür. Hər bir uşağın tərbiyəsində ailənin böyük rolu var. Dediyimiz hər sözə diqqət etməliyik, çünki onların gələcəkdə öz mövqelərini tutmaqları üçün valideyn tərbiyəsindən çox şey aslıdır.
- Baxış: 323