• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1302
— 26.03.2023 19:58

Qərb bölgəsinin ən böyük mal bazarında durğunluq hökm sürür

KepezTV Player

Göygölün heyvan satışı bazarındakı vəziyyət heç də ürəkaçan deyil. Qərb bölgəsinin ən böyük mal bazarı olan bu məkanda tələbin azlığı satıcıların işini çətinə salıb. Satıcılar bazara çıxardıqları heyvanı sata bilmir.

Göygöldə yerləşən heyvan satışı bazarında ətraf rayonlardan da iri və xırdabuynuzlular gətirilərək satılır. Həftənin şənbə və bazar günləri səhər saatlarından başlayaraq burada heyvanların alış-satışı aparılır. Adətən, yaz fəslində bazarda həmişə canlanma müşahidə edilsə də, indi mənzərə tamamilə fərqlidir. Belə ki, hazırda bu məkanda o qədər də kütləvilik müşahidə olunmur. Bazarda alıcılara ən çox xırdabuynuzlu heyvanlar təklif olunur ki, onların da qiyməti münasib deyil. Bir neçə ay bundan əvvəl 100-130 manata təklif olunan xırdabuynuzlu heyvan, indi 180 manatdan başlayaraq satılır. Qiymətin baha olması isə durğunluğa səbəb olub.

Samir Namazov- alıcı: “Quzu çox bahadır. Qoyun da bahadır, yemlə əlaqədar baha satırlar. Ala bilmirik, bahaçılıqdır”.

Elşən Mehdiyev- alıcı: “Seyfəlidən gəlmişəm. Qurbanlıq quzu almaq istəyirdim, o da çox bahadır. Çox bahaçılıqdır”.

Ramiz Eyubov- satıcı: “Mən Qırmızı Samuxdan heyvan gətirmişdim. Satıldı, amma həmişəkinə nisbətən zəifdir, durğunluqdur, nədəndir bilmirəm”.

Anar Abdurrahmanov- satıcı: “20 kiloqramlıq quzunu 220 manata veririk. Qiymətlər qalxıb. Təxminən 30-40 faiz qalxıb”.

Bazarda iribuynuzlu heyvanların satıldığı ərazidə də vəziyyət eynidir. Belə ki, satıcılar müştərilərə hər çəkidə iri heyvan təklif etsələr də, yenə də bazara çıxardıqları malı sata bilmirlər.

Qasım İsayev- satıcı: “Qiymətlər bugünkü gündə çox bahadır. Xırda heyvan da, iri heyvan da çox bahadır. Bahaçılığın da səbəbi odur ki, torpaq icarəsi bahadır, yem də bahadır”.

Əli Quliyev- satıcı: “Samux rayonunun Hacıallar kəndindən gəlirəm. Qiymətlər çox bahadır. Yem bahadır, torpaq bahadır. Alıcılıq qabiliyyəti çox zəifdir. Elə hamı soruşub, çıxıb, gedir”.

Heyvanların alqı-satqısından fərqli olaraq, ot bazarında vəziyyət qənaətbəxşdir. Belə ki, burada alan da var, satan da. Üstəlik qiymətlər də hər iki tərəfi qane edir.

Ot bağlamasının qiymətində isə ucuzlaşma baş verib. Belə ki, alıcılara bir ot bağlamasının qiyməti 5-7 manat arası təklif olunur. Bu da ötən aylara nisbətən 1-2 manat ucuzdur.

Elnur Vahidoğlu