• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 776
— 25.03.2023 19:37

Arx və kanallar lildən təmizlənir

KepezTV Player

Yaz əkinlərinin kütləvi suvarılmasını vaxtında təmin etmək, əkin sahələrinə verilən suyun miqdarını artırmaq və suvarmanı yaxşılaşdırmaq məqsədi ilə Göygöl Suvarma Sistemləri İdarəsinin işçiləri qabaqlayıcı tədbirlərə başlayıblar. Rayon ərazisində olan arx və kanallarda cari təmir işləri görülərək, lildən təmizlənilir. Yağış sularının fəsad törətməməsi üçün çay məcraları da təmizlənir.

Göygöldə 15 minə yaxın əkinəyararlı torpaq sahəsi var ki, yaz fəslində torpaq mülkiyyətçilərinin suvarmada problem yaşamaması üçün Suvarma Sistemləri İdarəsinin işçiləri mart ayının əvvəlindən qabaqlayıcı tədbirlərə başlayıb. Melioratorlar yaz əkinlərində suvarılmanı vaxtında təmin etmək, həm də su itkisinin qarşısını almaq üçün işlər aparır. 680 min kubmetr ərazi lildən təmizlənib. Rayon ərazisində sel sularından mühafizə tədbirlərinin həyata keçirilməsi sahəsində müvafiq işlər görülür. Gəncə, Kürək və Qoşqar çaylarının məcralarında, Nadel, MollaOsman, Qızılca və Bəhrəmbağ arxları və kanallarda betonbərkitmə işləri aparılıb.

Rəşid Vəliyev- Göygöl Sudan İstifadəedənlər Birliyinin direktoru: “Cəmiyyət tərəfdən tender elan olunur. Müqaviləyə əsasən, bizim idarə tərəfindən hansı ərazilərin lildən təmizlənməsi göstərilir. Təmizlənərək təhvil verilir və orada da sudan istifadə edilir. Təmizlənəndən sonra yüz faiz suyun təxminən, səksən faizi sahəyə çatır. Gecə-gündüz sulayırlar, biz də qrafik üzrə Quşqara, eləcə də digər ərazilərə suyu veririk. Əsasən, Xan arxı, eləcə də Ərəbli arxından suyu veririk. Köməklik edirik ki, kənd sakinləri əkdikləri məhsuldan xeyir götürə bilsin”.

Bununla paralel rayonda 6 yeni subartezian quyusu da qazılıb ki, bu da torpaq mülkiyyətçilərinin suya olan təlabatını ödəməyə imkan verir. İlin sonuna kimi isə suya ehtiyac olan ərazilərdə də yeni subartezian quyularının qazılması, eləcə də sunasos stansiyalarının tikilməsi nəzərdə tutulur.

Vidadi Tağıyev- torpaq mülkiyyətçisi: “Ötən il əkdik, yaxşı məhsul götürdük. Bu il də əkmişik, sulayırıq. İkinci dəfədir ki, sulayırıq, lap yaxşıdır, su da gəlir. Bu il də yaxşı olar”.

Cəfər Tağıyev- torpaq mülkiyyətçisi: “10 hk yerim var. Ötən il dincə qoymuşdum. Bu il sulayırıq, qabaqkı il yaxşı məhsul götürmüşdük. Su var, verirlər, indi də sulayırıq. Lili də təmizləyirlər ki, su yaxşı gəlsin”.

Göygöl rayonunda əkin sahələrini suvarmaq üçün Suvarma Sistemləri İdarəsinin balansında olan 269 subartezian quyusundan, 10 su nasos stansiyasından və Şəmkir kanalından istifadə olunur.

Elnur Vahidoğlu