• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1363
— 25.03.2023 19:55

Avropa İttifaqı Şurasının Prezidenti Azərbaycan Prezidentinə zəng edib

KepezTV Player

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. Şarl Mişel Avropa İttifaqının regionda davamlı sülhün və təhlükəsizliyin təmin olunması üçün səylərini bundan sonra da davam etdirəcəyini deyib. Avropa İttifaqı Şurasının Prezidenti Azərbaycanın Laçın-Xankəndi yolu ətrafındakı məsələlərə toxunub və son günlərdə Ermənistanla Azərbaycanın dövlət sərhədində baş vermiş insidentlərlə əlaqədar narahatlığını ifadə edib. Prezident İlham Əliyev Azərbaycanın Brüssel prosesini dəstəklədiyini bir daha vurğulayıb. Laçın-Xankəndi yolu ətrafındakı vəziyyətə toxunan Prezident qeyd edib ki, bu yolun guya bağlı olması ilə əlaqədar Ermənistanın irəli sürdüyü iddialar tamamilə yalandır. 2022-ci il dekabrın 12-dən bu günədək Rusiya sülhməramlılarına və Beynəlxalq Qırmızı Xaç Komitəsinə məxsus 5 minə yaxın nəqliyyat vasitəsi, tibbi yardıma ehtiyacı olan şəxs və onları müşayiət edənlər bu yoldan keçiblər. Dövlətimizin başçısı Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərinə Ermənistan tərəfindən silah-sursat və şəxsi heyətin daşınması prosesinin hələ də həyata keçirildiyini bildirib, Ermənistan rəhbərliyinin təhlükəli və eskalasiyaya yönəlmiş rəsmi açıqlamalarına diqqət çəkib. 2023-cü il martın 20-də Avropa İttifaqı missiyasının yerləşdiyi Ermənistan-Azərbaycan dövlət sərhədi istiqamətində Ermənistanın növbəti təxribatı zamanı Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu yaralanıb və martın 5-də Azərbaycanın Qarabağ bölgəsində qeyri-qanuni erməni hərbi birləşmələrinin törətdikləri təxribat zamanı 2 hərbi qulluqçumuz şəhid olub. Bütün bunlar Ermənistanın apardığı təhlükəli siyasətin nəticəsidir.