Qazaxıstanın sərbəst güləşçiləri yerli idmançılarla birgə təlim-məşq toplanışı keçmək üçün ölkəmizə təşrif buyurublar. Artıq bu cür hazırlıqlar ənənə halını alıb və bu, Orta asiyalı pəhləvanların Azərbaycana növbəti səfəridir.
Məşqlər Göygöl Olimpiya İdman Kompleksində təşkil olunub. Hazırlığa qərb bölgəsindən olan 40-a yaxın güləşçi və Qazaxıstanın 12 idmançısı qatılıb. Təlim-məşq toplanışda yerli idmançılar Azərbaycan çempionatına, qonaqlar isə Qazaxıstan birinciliyinə hazırlaşırlar. Qazaxıstan komandası daha öncəki səfərlərində Göygöllə yanaşı Gəncədə də toplanış keçiblər. Asiyalılar 2-3 ildir ki, mütəmadi olaraq ölkəmizə təlim-məşq toplanışına gəlirlər.
Toplanışda komandamızın tərkibində Avropa çempionu, beynəlxalq yarışların qalib və mükafatçıları, Qazaxıstan millisində isə dünya çempionu iştirak edir. Əsasən güləşçilərin texniki bacarıqlarını artırmaq üçün keçirilən məşqlər, eyni zamanda təcrübə qazanmaq baxımından da əhəmiyyətli sayılır.
Hazırlıq zamanı məşqlərlə birlikdə güləşçilər sparinq xarakterli görüşlərdə də qüvvələrini sınayırlar. Bu da yarışlarda idmançılara müsbət mənada təsir edir. İki həftə davam edəcək toplanış martın 24-də yekunlaşacaq.
- Baxış: 523