Prezident Administrasiyasının və Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının rəhbəri Samir Nuriyevin sədrliyi ilə Qərargahın növbəti iclası keçirilib. Qərargah rəhbəri 2023-cü ilin Böyük Qayıdışın sürətli inkişaf mərhələsi olacağını, yaşayış məntəqələrinin tikintisi və bərpası işinin əməli müstəvidə sürətlənəcəyini və miqyasının artacağını diqqətə çatdırıb. İşğaldan azad edilmiş ərazilərdə aparılan yenidənqurma və bərpa işlərində vaxt amilinə diqqəti yönəldən Samir Nuriyev operativliklə yanaşı, keyfiyyət və dayanıqlılığın da paralel olaraq təmin edilməsinin qarşıya qoyulmuş vəzifə olduğunu deyib. Ərazilərə geri qayıdan əhalinin dayanıqlı məşğulluq imkanlarının təmin edilməsi məqsədilə zəruri institusional, hüquqi və dəstək mexanizmlərinin yaradılması ilə bağlı vəzifələr müəyyən olunub. Laçın şəhərinin, Zabux, Sus və Talış kəndlərinin yenidən qurulması və bərpası istiqamətində görülən işlər barədə məruzələr təqdim edilib.
- Baxış: 342