• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 830
— 15.03.2023 20:18

Unun qiyməti çörəyə necə təsir edib?

KepezTV Player

Dünya bazarlarında, xüsusilə Azərbaycan üçün əsas idxal bazarlarında ərzaqlıq buğdanın qiymətində baş verən ucuzlaşma çörəyin qiymətinin enməsinə səbəb olub. Ancaq bu ucuzlaşma heç də hər yerdə hiss olunmur. Bu gün əməkdaşlarımız Gəncədə fəaliyyət göstərən dükan və mağazalarda unun və çörəyin qiyməti ilə maraqlanıb. 

Unun qiymətinin aşağı düşməsi son 1-2 günün sevindirici xəbərləri sırasındadır. Satışda 50 kq-lıq 1 kisə unun topdan satış qiyməti 36 manat 50 qəpikdən başlayaraq satılır.  

Rövşən Quliyev- satıcı: “İndi qiymət - “Yeganə” unu 37.50 qəpikdir, “Ərəboğlu” 38 manatdır. Bir ay bundan əvvəl 40 manata, 39.50 qəpiyə də satmışıq. 42 manata da olub, 41.50-də. Un gəlir satırıq, qiymət aşağı düşdükcə biz də qiyməti salırıq”.

Çapay Qasımov- satıcı: “4-5 ay bundan əvvəl 42-43 manata kimi qalxmışdı. İndi şükür düşüb. Təzəlikdə yenə düşdü. İndi hal-hazırda 38 manata un satırıq. İnsanların almağına daha sərfəli qiymətdir. Güman ki, buğdanın qiymətinin aşağı olması ilə əlaqədardır”.

Alıcılıq qabiliyyətinə birbaşa təsir göstərən bu hal özünü çörəyin də qiymətində biruzə verməlidir. Lakin ucuzlaşma böyük supermarketlərdə hiss olunsa da kiçik dükan və mağazalarda müşahidə olunmur. Elə alıcılar da unun qiymətində enmənin olduğunu təsdiqləsələr də, bu ucuzlaşmanın çörəyin qiymətinə yansımadığı deyirlər.

Vasif Məmmədov- aparıcı mütəxəssis: “Çörəklərdə 5-10 qəpik endirmələr olubdur. Un məmulatlarında, çəki ilə və ədədli mallarda fərqlər var. Çəki ilə olanlarda 8 qəpik, ədədlərdə bir neçə manat aşağı düşmələr müşahidə olunur. Topdan satış yerində malların qiyməti aşağı düşüb deyə, bizdə də mallar düşüb”.

Gülyanaq Səfərova- satıcı: “600 qramlıq “Skonnu” çörəklərini 50 qəpiyə, 700 qramlıq təndir çörəklərini 70 qəpiyə, 700 qramlıq “kvadratlar”ı 70 qəpiyə, 700 qramlıq “buxanka”ları 70 qəpiyə, 700 qramlıq sac çörəklərimiz 70 qəpiyə satırıq. 300 qramlıq balaca təndir çörəklərimizi 25 qəpiyə satırıq. Qiymətlər hələ aşağı düşməyib, müdiriyyət deyəndə endirəcəyik”.

Son dövrlər dünya bazarlarında, xüsusilə də Azərbaycan üçün əsas idxal bazarları olan Rusiya və Qazaxıstanda ərzaqlıq buğdanın qiymətində baş verən ucuzlaşma unun qiymətinə təsir edib. Cari ilin fevral ayında ərzaqlıq buğdanın orta aylıq idxal dəyəri 307.4 ABŞ dolları təşkil edib ki, bu da, 2022-ci ilin avqust ayı ilə müqayisədə 13% aşağıdır.

Xalid Cavadov- Antiinhisar və İstehlak Bazarına nəzarət Dövlət Xidmətinin nümayəndəsi: “Martın 11-dən etibarən iri market şəbəkələrində 650 qramlıq dairəvi (zavod) çörəyin qiymətinin 70 qəpikdən 65 qəpiyə düşdüyü müşahidə olunub. Un bazarında isə 50 kq-lıq bir kisə unun topdansatış qiyməti 9 mart 2023-cü il tarixində 35.5 manat – 37.2 manat olub. Bundan əlavə, Dövlət Xidməti istehlak bazarına nəzarət tədbirləri çərçivəsində müvafiq sahədə bazar iştirakçıları ilə mütəmadi görüşlər keçirir. Bu görüşlərdə buğda, un və çörək qiymətlərinin mütənasibliyinə, çörəyin etiketində göstərilən çəkisi ilə faktiki çəkisinin uyğunluğuna dair müzakirələr aparılır”.

Həmçinin İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına nəzarət Dövlət Xidməti tərəfindən əhalinin istehlak səbətində xüsusi yer tutan ərzaq məhsulları, o cümlədən un və çörək bazarında olan qiymətlər də Dövlət Xidməti tərəfindən nəzarətdə saxlanılır.

Aişə Rzayev