• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1549
— 09.02.2023 20:01

Bədən dilinin önəmi

KepezTV Player

Ruhun sirri bədənin hərəkətləri ilə ortaya çıxır. Bir çox uğurların arxasında düzgün ünsiyyət, əlaqə durur. Bununla bağlı süjetimiz var. Hansı ki, bədən dilindən bəhs edir. Ünsiyyət zamanı, biixtiyar mimika və jestlərlə dediklərimizi ifadə etməyimizdən.
Araşdırmalara görə, üz-üzə qurulan ünsiyyət zamanı dediklərimizin 7%-ni sözlər, 30 %-ni səs tonu, 63,5-ni isə bədən dili ifadə edir. Yəni, danışıq dili dediklərimizin bədən dili ilə bir növ təsdiqidir.
Sona Davudova- Psixoloq: “Jest-mimikalar, ümumiyyətlə bizim qeyri-verbal ünsiyyət vasitələrimiz, jest, mimika, bədən dili, emosiyalarımız, göz kontaktı bunlar hamısı bədən dilinin komponentləridir və qədim dövrdən, bəşər dövrü yaranandan bəri, bizim bədən dilimiz, ən əsas, ilk ünsiyyət vasitəmiz olmuşdur. Ümumi insanın ortalama 1 dəqiqə ərzində ifadə edə biləcəyi, ən sürətli halda söz sayı 100-120 sözdürsə, bizim beynimizdən 1 dəqiqə ərzində 1000-dən çox söz keçir və bəzən bu sözlər bizim nitqimizə tökülə bilmədiyi zaman, bizim bədənimizlə ifadə olunmağa başlayır”.

Dil danışar, bədən təsdiqləyər, yoxsa bədən danışar, dil təsdiqləyər? Bu sual fərdi yanaşma tələb edir. Bir insan“bədən dili”ni az istifadə edərkən, digəri hər kəlməsində dediklərini hərəkətlərlə ifadə edə bilər.

Şəhər sakini: “Danışarkən, əl hərəkəti, üz hərəkəti, göz-qaş hərəkətindən istifadə edirəm”.

Şəhər sakini: “Qabağımda kimsə danışırsa, diqqət edirəm danışığına, hərəkətlərinə, davranışına baxıram”.

Şəhər sakini: “Qaşlarını, gözlərini oynadanda diqqətimi cəlb edir”.

Şəhər sakini: “Müştərilərlə ünsiyyətdə olarkən, əl-qol hərəkətindən istifadə edirsən və ya istədiyin bir insan olanda gülərüzolursan, təbəssüm göstərirsən”.

Biz danışmasaq belə, bədənimiz daim danışır. Oturuşumuz, duruşumuz, mimikalarımız hər zaman bizi əks etdirən əsas göstəricidir. Bütün bunlar qarşımızdakı ilə, sonrakı münasibətin təməlini qoyan faktorlardır. Eşitmə və danışma problemi olan insanlar isə bədən dilindən daha çox istifadə edənlər sırasındadır. Bədən dilinin onların həyatındakı rolu əvəzedilməzdir.
Nübubət Əhmədova- Loqoped: “Heç eşitməyən karlar üçün xüsusi surdopedaqoqlar, məşğul olduğu jest dili deyilən, bir dil var ki, burda əllərlə, qollarla xüsusi məşqlər yerinə yetirilir. Belə uşaqlar daha çox mimikalardan istifadə edirlər, çünki, onlar yemək, su əsas vacib təlabatlarını ödəməkdən ötrü əl-qol hərəkətlərindən istifadə edirlər. Danışma qüsurlu uşaqlarda, uşağın hansı mərhələdə gəlməsindən çox asılıdır. Əgər uşaq 0 nitqlə gəlibsə, yəni heç bir şey yoxdursa, o zaman passiv tanıma, aktiv tanıma, daha sonrakı etaplarda artıq nitqə keçid edirik. Təqlid, söz və s. cümlələr üzərində iş aparırıq”.

Bəzən 1 hərəkət, 1000 sözü ifadə edir. Buna qarşı durmağa çalışsaq belə, bizi ələ verən hərəkətlərimiz, mimikalarımız demək istədiklərimizlə razılaşmır. Bunların hamısı bizim zahiri əhval-ruhiyyəmizi əks etdirir və bizim üzümüzdə yaranan hər bir mimika, ətrafımızdakı insanlara da o cür yansıyır. Gözlərimiz isə bütün bunların mərkəzində durur. Çünki insan keçirdiyi hissləri gözləri ilə daha yaxşı ifadə edir. Necə deyərlər, gözlər ruhun aynasıdır.

Alimə Hüseynova