Xalqımızın milli-mənəvi dəyərlərini özündə yaşadan Novruz bayramı şənliklərinin ən xoş duyğularla yaddaşlarımıza həkk olunması hər birimizin arzusudur. Bunun üçün isə Novruz bayramı ilə əlaqədar keçirilən müxtəlif mərasimlərdə müvafiq təhlükəsizlik qaydalarına ciddi əməl edilməlidir. Əsasən də alovla əlaqədar olan adətlərə.
Fövqaladə Hallar Nazirliyindən hər il Novruz bayramı ilə əlaqədar adətlərin icrası zamanı təhlükəsizlik qaydalarına etinasız yanaşmamağı məsləhət edir. Arzuolunmaz nəticələrə, ağır fəsadlara gətirib çıxarmasın deyə tövsiyyələrə əməl edilməsi bildirilir. Ələlxüsus da valideynlər azyaşlılara qarşı diqqətli olmalıdırlar.
Pərviz Aslanov- FHN-in Mətbuat xidmətinin əməkdaşı: “Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə müraciət edərək, Novruz bayramı ilə əlaqədar təşkil olunan mərasimlərdə zəruri yanğın təhlükəsizlik qaydalarına ciddi əməl olunmasını tövsiyyə edir. Belə ki, bayram tonqalı ev, avtomobil, elektrik naqili, ağac və digər yanar materiallardan kənarda yandırılmalı, azyaşlılar mütləq böyüklərin nəzarətində olmalı, tonqal üzərindən atlanarkən ehtiyatlı olmalı, tonqal tam sönənədək nəzarətdə saxlanılmalı və bayram süfrələrində yandırılan şamlar nəzarətsiz qalmamalıdır. Həmçinin küləkli havada tonqal qalamaq xüsusilə təhlükəli hesab olunur”.
Bayram günlərində Gəncə Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına daxil olan zənglərin sayı da artıb. Çağırışlar içərisində, yanıq xəsarəti ilə bağlı olanları da yer alıb. Ona görə də, həkimlər maksimum diqqətli olmağı tövsiyyə edir.
Mətanət Məmmədova- həkim: “Keçən od çərşənbəsində çağırış oldu. Uşaq tonqaldan tullanmışdı, uşağın ayaq hissəsi, dabanının altı yanmışdı. Bununla əlaqədar özümüz yardımımızı elədik, sonra da xəstəxanaya apardıq. Tonqallarda çox ehtiyatlı olmaq lazımdır. Xüsusən də uşaqlar üçün. Əvvəlcə hər hansı bir hadisə olsa, kimsə xəsarət alsa, ilk öncə suyun altına salmaq lazımdır. Yaraya nə yağ sürtmək olmaz, nə spirt, nə də əlavə müdaxilə etmək olmaz. Çünki, əlavə şeylər edəndə biz yanığın dərəcəsini təyin edə bimirik. Ona görə məsləhət görürəm ki, yanıq yarasını ancaq və ancaq suyun altda saxlamaq lazımdır”.
Milli bayramımızı- Novruzu xoş duyğularla başa vurmaq üçün yuxarıda sadalanan, həmçinin yanğın təhlükəsizliyi ilə bağlı digər qaydalara əməl etmək vacibdir.
Aişə Rzayeva
- Baxış: 268