• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1813
— 14.03.2023 20:04

Yazlıq əkin üçün gübrələr verilir

KepezTV Player

Kənd Təsərrüfatı Nazırliyi xətti ilə Göygölə yazlıq əkin üçün gübrələr gətirilib və Aqrolizinq Açıq Səhmdar Cəmiyyətinin Göygöl-Daşkəsən bölməsində fermerlərə güzəştli şərtlərlə satışı aparılır. Rayon üzrə yazlıq əkin aparan istehsalçılara 80 tona yaxın mineral gübrələr verilib. 

Mehman Hüseynov- Torpaq mülkiyyətçisi: “Göygöl rayonunun Quşqara kəndində yaşıyıram. Gəldim, kartımı verdim, gübrəmi götürürəm, sahəmə verəcəm. Məhsuldarlığımız da yaxşı olacaq. Heç bir problem də yoxdur. Daha yaxşıdır, artım daha çox olur. Torpaq qüvvələnir, torpağa çox xeyiri var”.

Gübrələr fermerlərə əkdiyi torpaq sahəsinə və bitkinin növünə uyğun olaraq verilir. 

Ucar Məmmədov- fermer: “Balçılı kəndində yaşayıram. Fermerəm, 16 ha əkin sahəm var. Arpa, buğda, günəbaxan əkirik. Yayda da heyvandarlığa görə darı əkirik. Çox yaxşıdır, gəlib fəsildən-fəsilə gübrələrimizi götürürük. Qidalanmaqdan ötrü torpağa veririk, yaxşı da məhsul götürürük”.

Vüqar Abbasov- torpaq mülkiyyətçisi: “Səpinlə bərabər yemləmə gübrəsi var, onu alırıq. Ammofos və yaxud da nitroammofos alırıq. Yazqabağı əsas karbamid alırıq. Buna boy gübrəsi deyilir, aparıb səpirik”.

Torpağa verilən gübrələr xəstəlik və ziyanvericilərin qarşısını alır, məhsuldarlığı yüksəldir. Fermerlərin işini asanlaşdırmaq üçün Göygölün ucqar dağ kəndlərində səyyar satış məntəqələri də fəaliyyət göstərir. 

Altay Ələkbərov- Aqrolizinq ASC-nin Göygöl-Daşkəsən bölməsinin rəhbəri: “Fermer yazlıq gübrəni verməsə, ancaq 10-15 sentner məhsul götürə bilir. Bunu verəndən sonra, 40-50 sentner məhsul götürə bilirlər. Bu da gübrənin həm keyfiyyəti, həm də torpağa lazım olan qidanın əvəz olunması deməkdir. Hazırda da anbarda karbamint, amonanitrat, ammofos və nitroammofos gübrəsi vardır. Ehtiyac olarsa əlavə sifarişlərimiz də var. Gübrələr azaldıqca, lazımi qədər təmin olunur”.

Ötən il rayonda 850 tona yaxın gübrə fermerlərə satılıb. Rayonda hər il orta hesabla 13 min hektardan çox sahədə əkin aparılır.

Elnur Vahidoğlu