Teatr – insana çatdırmaqda dünya üzərindəki ən təsirli sənət növlərindən biridir. O, yunanca “theatron”, yəni “görmə yeri” sözündən gəlir. Teatr üçün edilmiş çox fərqli və cürbəcür təriflər vardır. Ən çox bilinən teatr tərifi isə Şekspirin “teatr insanı insana bağlamaq, insanla insanca danışmaq sənətidir” ifadəsidir. Biz də teatr üçün keçmiş və ya gələcək, olmuş ya da ola biləcək, yaxud da tamamilə xəyali hadisələrin izləyicilər önündə canlandırılması sənəti olduğunu deyə bilərik.
Azərbaycanda teatr sənətinin kökləri xalqın fəaliyyəti, məişəti, şənlik və toy ənənələri, həmçinin dünyagörüşü ilə bağlıdır. Mərasim oyunlardakı tamaşa elementləri müstəqil xalq teatrının yaranmasında mühüm rol oynayıb. XIX əsrin 70-ci illərində Azərbaycanda milli teatrın yaranması mədəniyyətimizin tarixində çox böyük hadisə oldu. 1873-cü il martın 10-da Bakı Realnı məktəbinin teatr həvəskarları truppası tərəfindən M.F.Axundzadənin "Sərgüzəşti-vəziri-xani Lənkəran" komediyası tamaşaya qoyuldu.
Bu şərəfli işdə H. Zərdabi və N. Vəzirov mühüm rol oynayıblar. Bu tamaşa ilə Azərbaycanda milli teatrın əsası qoyuldu. Azərbaycanda teatr sənəti qədim ənənələrə malikdir. Xalq arasında müxtəlif meydan tamaşaları, kukla teatr tamaşaları bayram tamaşaları və s. geniş yayılıb.
Milli teatrın inkişafında məşhur xeyriyyəçi-mesenat H.Z.Tağıyevin böyük xidməti oldu.
Qeyd edək ki, hər zaman sənət adamlarına diqqət və qayğı ilə yanaşan Prezident İlham Əliyevin 2013-cü il 1 mart tarixli Sərəncamı ilə ölkəmizdə “Milli Teatr Günü” təsis edilib. Sərəncama əsasən milli mədəniyyətin inkişafında və ölkənin mədəni həyatında milli teatrın əhəmiyyəti və rolu nəzərə alınaraq hər il martın 10-u Azərbaycan Respublikasında “Milli Teatr Günü” kimi qeyd edilməsi qərara alınıb. Həmin tarix ölkəmizin hər yerində silsilə tədbirlərlə qeyd olunur.
Ancaq bu gün paytaxt teatrlarından fərqli olaraq bölgə teatrlarında göstərilən tamaşaların sayı azdır. Və bu da teatra gedən tamaşaçıların da sayının azalmasına səbəb olur.
Azərbaycan teatrının uğurları hələ qarşıdadır. İnanırıq ki, bu gün yaranmasının 150-ci ildönümünü qeyd edən Azərbaycan teatrı qarşıdakı illərdə bir-birindən maraqlı səhnə əsərləri ilə daha böyük uğurlara imza atacaq.
Teatr mənəvi qidadır, həyatımızın böyüdücü güzgüsüdür. Pərdələrini sirr kimi açan teatra sehrini itirməməyi, tamaşaçıları məyus etməməyi arzulayırıq. Milli Teatr günümüz mübarək, əziz teatrsevərlər!
- Baxış: 420