• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1301
— 08.03.2023 20:37

Kişilər başını qadına etibar edir

KepezTV Player

“Əgər bir qadın yetərincə hirsli, qərarlı və bacarıqlıdırsa, edə bilməyəcəyi heç bir şey yoxdur.” Tanınmış amerikalı yazıçı Helen Lavrensonun söylədiyi bu fikir, uzun illlərdir kişi bərbərliyi ilə məşğul olan Rüfanə Tağıyevanın simasında bir daha öz əksini tapır. Çətinliyindən, məsuliyyət tələb etməsindən asılı olmayaraq zərif cinsin nümayəndəsi bu işdə yetəri qədər təcrübəlilərdəndir. Sıradakı materialımızın qəhrəmanı özü bu barədə danışacaq.

Bu gün Azərbaycanda cəmiyyətin daha çox “kişi işi” kimi qəbul etdikləri sahələrdə çalışan qadınlarımızdan, onların seçdikləri peşə, fəaliyyət sahələrindən danışacağıq. Qadın bərbəri xanım, kişi bərbəri isə bəy olur adətən. Bəs, kişi bərbəri xanım? Bu gün təqdim edəcəyimiz Rüfanə Tağıyeva qadın olsa da, məhz kişilərin saçını kəsir. Adət etmədiyimiz bu durum işə yeni başlayanda xanımın özü üçün də müəyyən çətiliklər yaradıb.

Rüfanə Tağıyeva- bərbər: “Salon sistemində işləməyə marağım var idi. Çox həvəsli idim. Sadəcə qadın salonunda işləyə bilmədim. Qadınlar aqressiv olurlar, bir az çətindirlər. Ona görə kişilərlə işləməyə başladım. Artıq 4 ildir ki, bu sənətdəyəm. Bakıda öyrənmişəm. 1 ilə yaxındır ki, Gəncədə işləyirəm. Gəncədə işləmək Bakıya nisbətən daha çətindir. Amma hal-hazırda yaxşıdır, öyrənmişəm. İlk başlarda gələndə çox çətinlik çəkirdim. Amma hal-hazırda hər şey normaldır”.

Qadınlar həyatın bütün sahələrində uğur qazanmış, kişi əməyi tələb olunan ən çətin işlərdən tutmuş, ta mötəbər kürsülərə qədər gəlib özünü, iradəsini, bacarığını təsdiq etmiş varlıqlardır. Müsahibimiz də öz işi və sözləri ilə bunu bir daha təsdiqləyir.

Rüfanə Tağıyeva- bərbər: “İlk başlarda düşünmürdüm ki, bu qədər uğurlu olaram. Amma zaman keçdikcə özüm də gördüm ki, qadın olmağımdan çox əl işimlə irəli getdim. İstər qadın, istər kişi olsun, qarşısına məqsəd qoyanda bunlara nail ola bilər. Əsas qarşına məqsəd qoymalısan və o məqsədlə getməlisən. Özlərini bu sahədə görmək istəyən xanımlar özlərinə inansınlar, güvənsinlər və davam eləsinlər”.

Bu gün Azərbaycanda qadınların çalışmadığı peşə ilə, fəaliyyət sahəsi ilə qarşılaşmaq çox çətindir. Cəmiyyətimiz inkişaf etdikcə , “qadının yeri mətbəxdə, qaz sobasının arxasındadır”, kimi stereotip düşüncə tərzi də artıq silinir. Qadın istəryəsə hər şeyi bacarar, istənilən iş sahəsində əmək fəaliyyəti göstərə bilər. Bu gün isə elə qadınların əməkləri uğrunda apardıqları mübarizənin günüdür.

Aişə Rzayeva