• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1629
— 07.03.2023 20:16

Bölgədə gimnastikanı inkişaf etdirmək üçün ustad dərsləri keçirilib

KepezTV Player

Azərbaycan Gimnastika Federasiyası tərəfindən Gəncədə ilk dəfə ustad dərsləri təşkil olunub. Təlimlərdə Nizami yurdunun idmançıları ilə birlikdə 7 şəhər və rayondan olan gimnastlar da iştirak ediblər.

Yerli Olimpiya İdman Kompleksində baş tutan ustad dərsləri yığma komandanın məşqçiləri tərəfindən keçirilib. 4 yaşdan 14 yaşadək gimnastika ilə məşğul olan idmançıların qatıldığı dərslərdə ümumi və xüsusi fiziki hazırlıqla yanaşı, müxtəlif alətlərlə ayrı-ayrı texnikalar öyrədilib. Məşqlər regionda gimnastikanın inkişafına nail olmaq, bu idman növünə maraq yaratmaq baxımından böyük önəm daşıyıb. Uşaq və yeniyetmələrin bilik bacarıqlarının artırılması və təkmilləşdirilməsi məqsədilə təşkil edilən ustad dərslərində 100-dən çox gimnast iştirak edib.

Gəncə, eləcə də Bakı, Zaqatala, Goranboy, Şəmkir, Oğuz, Qəbələ və Mingəçevir klublarını təmsil edən idmançılara keçirilən təlimlərin Cavadxan yurdunda baş tutması heç də təsadüfi deyil. Çünki, şəhərdə gələcəyə ümidverici gimnastlar kifayət qədərdir. Federasiya Gəncədə bu idman növünü daha da inkişaf etdirmək üçün ustad dərsləri ilə kifayətlənməyəcək. Şəhərlə bağlı qurumun bir sıra planları da var.

Həmçinin, gimnastika federasiyanın yaxın gələcəkdə atacağı addımlardan biri Gəncədə kütləvi xarakterli açıq birinciliyin təşkil edilməsidir. Yarışın aprel ayında keçirilməsi nəzərdə tutulur.

Orxan Cəfərzadə