• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1279
— 06.03.2023 20:21

Ötən il Azərbaycanda 834 nəfər yol qəzalarının qurbanına çevrilib

KepezTV Player

Ölkəmizdə avtomobillərin sayı artdıqca avtoqəzaların da sayında artım müşahidə olunur. İstər paytaxt, istərsə də digər şəhərlərdə olan qəzaların səbəbləri isə müxtəlifdir. Daha çox sürət həddi ilə əlaqələndirilən bu qəzalarda sürücü təcrübəsizliyi də əsas amillərdəndir. Bu gün əməkdaşlarımız qəzaların başvermə səbəblərindən danışacaqlar.

Avtoqəza xəbərləri, yarım qalan canlar, ömürlik iz buraxan xəsarətlər. Məyusluq yaradan hadisələr ötən il 834 nəfərin həyatına nöqtə qoyub. Başvermə səbəbləri müxtəlif olsa da, qəzaların yaratdığı acı reallıq canları yandırıb. 

Eldəniz Cəfərov- nəqliyyat eksperti: “Biz ötən il ərzində qəzaların başvermə səbələrini araşdıranda 3 əsas şərti təyin eləmişik. Onların birincisi, yol hərəkəti iştirakçılarının, sürücülərin və ya piyadaların bilərəkdən yol hərəkəti qaydalarını pozmasıdır. İkincisi, yolların bərbad vəziyyətdə olmasıdır, qaranlıq yollar, çala-çuxurlu yolların nişanlanmaması, xəttlənməməsi və.s. Üçüncüsü isə avtomobillərin nasaz olmasıdır. Bu, artıq ağır faciələrə gətirib çıxarır. Ağır xəsarətlər və ölümlərlə nəticələnir. Amma bizim avtomobil parkımız yeni olsaydı, müasir təhlükəsizlik tələblərinə cavab verən avtomobillərin sayı çox olsaydı, bu zaman qəza baş verəndə belə ağır faciələr yaşanmazdı”.

Sadalanan səbəbləri aradan qaldırmaq, ən azından sayını azaltmaqla qəzaların da azalmasına nail olmaq olar. Burada polisin də üzərinə düşən vəzifə var ki, ilboyu icrasını vacib edir. Ötən il Gəncədə yol qəzalarının 19-da ölüm faktının qeydə alınması görülən tədbirlərin intensivliyini artırmağa vadar edir. 

Eşqin Qasımov- DİN-in Mətbuat Xidmətinin əməkdaşı: “Polis əməkdaşları həm maarifləndirci, həm monitorinq tədbirləri həyata keçirir və mütəmadi olaraq yol-hərəkəti qaydalarının təbliği istiqamətində keçirilən tədbirlər nəticəsində qəzaların qarşısını almağa çalışırıq. Bu işdə xahiş edirəm ki, sürücülər və piyadalar da bizə köməklik etsinlər. Piyadalar müəyyən olunmuş səkilərdə hərəkət etsinlər, yolun hərəkət hissəsində olmasınlar. Sürücülər də ilk növbədə həm özlərinin, həm digərlərinin təhlükəsizliyi üçün yüksək sürəti aşmasınlar”.

Yol qəzalarının sayının azaldılması istiqamətində "Azərbaycanda yol-hərəkəti təhlükəsizliyinin gücləndirilməsi" tvinninq layihəsinə start verilib. Layihənin əsas məqsədi ölüm və ya ağır sağlamlıq xəsarətləri və sosial-iqtisadi ziyanla nəticələnən yol-nəqliyyat hadisələrinin azaldılmasına töhfə verməkdir.

Şahin İsmayılov- Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin şöbə müdiri: “Qeyd etmək istəyirəm ki, layihə 3 komponent üzrə həyata keçirilir. Birinci komponent; qanunvericiliyin təkmilləşdirilməsi, ikinci komponent; effektiv yol təhlükəsizliyi idarəetmə sisteminin yaradılması, üçüncü komponent; kadr potensialının artırılması və təbliğat təşviqat işlərinin həyata keçirilməsindən ibarətdir ki, bu iki il ərzində hər bir komponent üzrə dövlət orqanlarının nümayəndələrin ekspertləri və xarici ekspertlər - Litva və Polşanın ekspertləri birgə işləyib, müvafiq sənədlər hazırlayacaqlar”.

Ölkəmizdə avtoqəzalar, qəzalarda ölümlərin sayı baxımından vəziyyət üzərkaçan deyil. Bu vəziyyətin nə vaxt müsbət tendensiya nümayiş etdirəcəyini demək çətin olsa da, məlum olan bir şey var - hər şey öz əlimizdədir, sürəti nizamlamaq da, yolu düzgün əks tərəfə keçmək də, vəziyyəti normal olmayan yolları bərpa etmək də.

Aişə Rzayeva